14:09

Bolqarıstanın yeni prezidenti İliyana Yotovanın Azərbaycana səfərinin təfərrüatları açıqlanıb

Bolqarıstanın yeni prezidenti İliyana Yotovanın Azərbaycana səfərinin təfərrüatları açıqlanıb

Lider.com.az istinadən bildirir ki, Bolqarıstanda baş tutan prezident seçkilərinin nəticələri bəlli olub.

Noyabrın 1-də keçirilən seçkilərin ikinci turunda İliyana Yotova qələbə qazanıb. Seçki protokollarının 99,95 faizinin hesablanması nəticəsində o, səslərin 57,58 faizini, rəqibi Andrey Gyurov isə 39,47 faizini əldə edib. Bununla da Yotova Bolqarıstan tarixində birbaşa ümumxalq səsverməsi ilə seçilən ilk qadın prezident adına layiq görülüb.

İliyana Yotova cari ilin may ayında Azərbaycanda səfərdə olub və Bakıda təşkil olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edib. O, ölkəmizə Prezident səlahiyyətlərini müvəqqəti icra edən qismində gəlmişdi. Belə ki, həmin vəzifəni o, Prezident Rumen Radevin 2026-cı ilin yanvarında vaxtından əvvəl istefa verməsindən sonra növbəti seçkilərə qədər yerinə yetirirdi.

Həmin statusla mayın 17-də Bakıya gələn Yotova ertəsi gün forumun Liderlər sessiyasında çıxış edib. O, tədbirin təşkil olunmasına görə Azərbaycana minnətdarlığını çatdırıb, Bakının qlobal gələcəyə dair müzakirələrin mərkəzinə çevrildiyini qeyd edib.

Səfər çərçivəsində İliyana Yotova Prezident İlham Əliyevlə görüş keçirib. Danışıqlar zamanı enerji sahəsində ikitərəfli əməkdaşlıq və Azərbaycan təbii qazının Avropa bazarına ixracı məsələləri nəzərdən keçirilib. Bolqarıstanın dövlət başçısı, həmçinin Sumqayıt Sənaye Parkında Bolqarıstan investisiyası hesabına inşa edilmiş sürtgü yağları istehsalı zavodu ilə də yaxından tanış olub.

İliyana Yotova 1964-cü il oktyabrın 24-də Sofiyada anadan olub və Sofiya Universitetində bolqar filologiyası ixtisası üzrə təhsil alıb, eləcə də Fransada dövlət idarəçiliyi və Avropa araşdırmaları istiqamətlərində ixtisaslaşıb. Peşəkar fəaliyyətinə jurnalistikadan başlayan Yotova 1990–1997-ci illərdə Bolqarıstan Milli Televiziyasında müxbir, redaktor, aparıcı və xəbərlər departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Yotova 2005–2007-ci illərdə Bolqarıstan parlamentinin deputatı olub, 2007-ci ildə isə Avropa Parlamentinə seçilib. 2016-cı ildə Rumen Radevlə tandemdə seçkilərdə qələbə qazanaraq vitse-prezident vəzifəsinə yiyələnib və 2017-ci ilin yanvarından etibarən səlahiyyətlərinin icrasına başlayıb. Onlar 2021-ci ildə ikinci dəfə həmin vəzifəyə yenidən seçiliblər.

Rumen Radevin istefasından sonra Yotova 2026-cı il yanvarın 23-də prezident vəzifəsinin icrasına başlayıb. Nəticədə, o, Azərbaycana may ayındakı səfəri zamanı artıq Bolqarıstanın dövlət başçısı statusunu daşıyırdı.

Xəbər lenti

    Çox oxunanlar