20:29

Samir Şərifov: Orta dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir

Samir Şərifov: Orta dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir

Lider.com.az istinadən bildirir ki, Azərbaycan ilə Qırğızıstan yalnız ikitərəfli müstəvidə deyil, həm də müxtəlif beynəlxalq qurumlar çərçivəsində faydalı tərəfdaşlığı davam etdirirlər. Bu fikirləri xarici işlər nazirinin müavini Samir Şərifov Qırğızıstanın Müstəqillik Gününün 35-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə diqqətə çatdırıb.

Onun sözlərinə görə, son dövrlərdə respublikamızın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri tamamilə yeni strateji xarakter almağa başlayıb. O qeyd edib ki, ölkələrimiz Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər çoxtərəfli formatlar çərçivəsində fəal siyasi dialoq qurur və qarşılıqlı şəkildə təşəbbüslərə dəstək göstərirlər.

Samir Şərifov xatırladıb ki, Bakı ilə Bişkek arasındakı əlaqələr ortaq tarixə, dilə, mədəni tellərə, eləcə də möhkəm hörmət və etimad prinsiplərinə dayanır. Diplomat əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana reallaşan dövlət səfəri ikitərəfli münasibətlərin tarixində əsaslı dönüş nöqtəsi olub.

Onun bildirdiyinə görə, müttəfiqlik münasibətləri haqqında sazişin imzalanması dövlətlərarası əməkdaşlığı rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldib və gələcək əlaqələrin hüquqi-siyasi təməlini daha da möhkəmləndirib. Nazir müavini vurğulayıb ki, tərəflər iqtisadiyyat, nəqliyyat, energetika və humanitar istiqamətlərdə praktiki əməkdaşlığı daha da fəallaşdırmaq əzmindədirlər.

O, Orta Dəhlizin potensialının artırılmasını, nəqliyyat xəttlərinin şaxələndirilməsini və rəqəmsal əlaqələrin dərinləşdirilməsini xüsusi olaraq qeyd edərək, bu amillərin ticarət dövriyyəsinin artmasında və regional inteqrasiyada mühüm rol oynadığını bildirib. Humanitar əlaqələrə toxunan Samir Şərifov Qırğızıstan tərəfindən Ağdam rayonunda "Manas" məktəbinin tikilməsini qardaşlıq və həmrəylik simvolu adlandırıb, eləcə də ölkəmizə verilən dəstəyi yüksək qiymətləndirib.

Xəbər lenti

    Çox oxunanlar