
Lider.com.az istinadən bildirir ki, parlament magistratura, rezidentura, eləcə də doktorantura və ya adyunktura təhsilini başa vurub elmi dərəcəyə yiyələnmiş hərbi qulluqçuların leytenant hərbi rütbəsində xidmət müddətinin qısaldılması məsələsini yekun oxunuşda təsdiqləyib.
Bu yenilik Milli Məclisin cari plenar iclasında gündəmə gətirilən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara edilən əlavə və dəyişikliklər layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin, eləcə də hərbi qulluq nəzərdə tutulan digər dövlət qurumlarının sifarişi əsasında magistratura və ya rezidentura səviyyəsini bitirən, həmçinin doktorantura və ya adyunkturada təhsil alaraq müvafiq elmi dərəcə alan zabitlərin həmin rütbədə olma müddəti göstərilən təhsil pillələrinin hər biri üzrə bir dəfədən çox olmamaq şərtilə 1 il azaldılması planlaşdırılır.
Bundan əlavə, leytenant rütbəsində xidmət müddəti ilə bağlı qaydalarda da yeniliklər edilib.
Qaydalara görə, beşillik təhsil müddəti olan xüsusi təyinatlı hərbi məktəbləri bitirənlər üçün bu müddət 2 il, aviasiya uçuş heyəti ilə sualtı gəmilərdə qulluq edənlər üçün 1 il, həmçinin səlahiyyətli icra hakimiyyəti qurumunun müəyyənləşdirdiyi digər hallarda isə 1 il müəyyənləşdirilib.
Sənəd müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
