19:23

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Lider.com.az istinadən bildirir ki, Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli rəsmi qəbul baş tutub.

Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ortaq təşkilatçılığı ilə "Hyatt Regency Tashkent" otelində reallaşan tədbirə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, beynəlxalq qurumların əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, diaspor üzvləri, həmçinin yerli və xarici media mənsubları qatılıblar.

Toplantı çərçivəsində ölkəmizin şanlı Zəfər salnaməsini nümayiş etdirən "Şanlı tariximizin 44 günü" adlı fotosərgi açılıb. Ekspozisiyada 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun sərgələdiyi igidliyi, torpaqların işğaldan qurtarılmasını və tarixi qələbənin unudulmaz anlarını əks etdirən fotolar yer alıb və qonaqlar tərəfindən maraqla izlənilib.

Mərasimdə çıxış edən Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixindəki müstəsna rolundan danışıb. Diplomat vurğulayıb ki, Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün sürən Vətən müharibəsi xalqımızın birliyinin və qətiyyətinin təntənəsinə çevrilib. Ordumuzun şücaəti sayəsində uzun illər həsrət qaldığımız torpaqlarımız azad edilib və noyabrın 8-də Şuşa şəhərinin qaytarılması ilə tarixi Zəfərə imza atılıb.

Səfir bu qələbənin milli yaddaşımıza əbədi həkk olunduğunu və müasir dövlətçilik tariximizdə yeni mərhələ yaratdığını qeyd edib.

Rəsmi hissə başa çatdıqdan sonra Zəfər Gününə həsr olunmuş bədii proqram təqdim olunub. Konsertdə Azərbaycan Dövlət “Qaya” Ansamblı, Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” Rəqs Ansamblı, “Xarıbülbül” Teatr Truppasının solistləri, eləcə də Özbəkistan və Qaraqalpaqıstanın Xalq artisti, Qazaxıstan və Türkmənistanın Əməkdar artisti Yulduz Usmanova səhnə alıblar. Sənətçilərin ifa etdikləri musiqi və rəqs nömrələri iştirakçılara xoş anlar bəxş edib.

Proqramın ən yaddaqalan nömrələrindən biri Zəngəzurun qədim folklor irsini yaşadan "Zəngəzur yallısı" olub. "Qarabağ Zəfəri" rəqs ansamblının ifa etdiyi bu kompozisiya xalqımızın qədim milli adət-ənənələrini, həmrəylik ruhunu nümayiş etdirərək tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbir iki ölkə arasındakı mədəni əlaqələrin daha da güclənməsinə, milli sənətimizin tanıdılmasına və qarşılıqlı mədəni mübadilənin genişlənməsinə mühüm töhfə verib.

Xəbər lenti

    Çox oxunanlar