
Lider.com.az istinadən bildirir ki, ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda baş direktor 8 Noyabr – Zəfər Günü münasibətilə dövlət başçısına və bütün Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıb, eləcə də davamlı sülh, rifah və firavanlıq arzularını ifadə edib.
Təbrikdə bu əlamətdar bayramın xalqımızın əzmkarlığını, qətiyyətini və birliyini nümayiş etdirməklə bərabər, sülhün əhəmiyyətini, habelə təhlükəsiz, sabit və firavan gələcək arzularını simvolizə etdiyi vurğulanıb, həmçinin bu günün ruhunun yeni uğurlara təkan verməkdə davam edəcəyinə inam bildirilib.
Səlim bin Məhəmməd əl-Malik Bakıda təşkil olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən və Prezident İlham Əliyev tərəfindən qəbul olunmaqdan şərəf duyduğunu qeyd edərək, bu görüşün əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dəyərli fikir mübadiləsinə şərait yaratdığını vurğulayıb.
Məktubun sonunda qurum ilə Azərbaycan arasında təhsil imkanlarının təşviqi, mədəni irsin qorunması və sivilizasiyalararası dialoqun inkişafı istiqamətindəki tərəfdaşlığın daha da dərinləşəcəyinə əminlik ifadə olunub.
