20:49

BMT sammitinin iştirakçıları Asan xidmətin işi ilə tanış olublar

BMT sammitinin iştirakçıları Asan xidmətin işi ilə tanış olublar

Lider.com.az istinadən bildirir ki, Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultonov, ədliyyə nazirinin müavini Numon Məhəmmədiyev, Qırğız Respublikası Prezidentinin İşlər İdarəsinin rəis müavini Cunuşev Talantbek Asanaliyeviç, Gürcüstanın ədliyyə nazirinin müavini Lana Morqoşia, Venesuelanın elm və texnologiya nazirinin müavini Bernabe Melendes, həmçinin Barbadosun dövlət xidməti və insan resurslarının inkişafı naziri Key MakKoni "ASAN xidmət" mərkəzinin fəaliyyətini yaxından görüblər.

Xarici rəsmilər Bakıda baş tutacaq "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbirə qatılmaq üçün Azərbaycandadırlar.

Gələn qonaqlar bu sammitin dövlət idarəçiliyinin yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının təmin edilməsi və qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət" konseptinin intellektual məhsul kimi ixracı sahəsində 50-dən artıq dövlətlə əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı ölkəmizin beynəlxalq səviyyədə brendinə çevrilən bu modeli ən nümunəvi təcrübə kimi qiymətləndirir və dörd qitədə təbliğ edir.

Özbəkistan nümayəndələri "ASAN xidmət" təcrübəsinə əsaslanan mərkəzlərin öz ölkələrində də uğurla fəaliyyət göstərməsindən məmnunluq duyduqlarını bildiriblər.

Qırğızıstan nümayəndə heyəti ilə görüşdə isə "ASAN xidmət" təcrübəsinin ötürülməsi istiqamətində faydalı əməkdaşlığın mövcudluğu vurğulanıb.

Gürcü tərəfi ilə aparılan danışıqlarda süni intellekt həlləri sahəsindəki təcrübənin mənimsənilməsi ilə bağlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Venesuela və Barbados təmsilçiləri "ASAN xidmət" kimi qabaqcıl təcrübənin öz dövlətlərində tətbiq olunmasının xidmət keyfiyyətini və vətəndaş məmnunluğunu əhəmiyyətli dərəcədə artıracağını bildiriblər.

Səfər çərçivəsində nümayəndələr "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, "Bilim Bakı" mərkəzi, Səyyar ASAN xidmət və "ABAD" publik hüquqi şəxsin gördüyü işlərlə də tanış olublar.

Xəbər lenti

    Çox oxunanlar