08:30

Baş nazirin birinci müavini Yaqub Eyyubov təqaüdə göndərilə bilər

Baş nazirin birinci müavini Yaqub Eyyubov təqaüdə göndərilə bilər

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov son dövrlər rəsmi tədbirlərdə və xarici dövlət nümayəndələrinin qarşılanma mərasimlərində iştirak etmir.

Dövlət Protokolunun Əsas Qaydalarına əsasən, xarici ölkələrdən gələn ali qonaqların qəbulunda və yola salınmasında mütəmadi olaraq təmsil olunan Y. Eyyubovun adıçəkilən tədbirlərdə görünməməsi suallar doğurub.

O, sonuncu dəfə cari il iyulun 15-də Slovakiya Prezidenti Peter Pelleqrininin Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınmasında qatılıb.

Oktyabr ayında Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşünə gələn dövlət başçılarının qarşılanma mərasimlərində də o, iştirak etməyib və digər rəsmilər onları qarşılayıblar.

Noyabrın 4-də Nazirlər Kabinetində xarici ölkələrin nazir və nazir müavinləri ilə keçirilən görüşdə Baş nazir Əli Əsədovu yeni müavini Teymur Musayev müşayiət edib, Yaqub Eyyubov isə həmin tədbirdə də iştirak etməyib.

Məlumata görə, Yaqub Eyyubov hazırda məzuniyyətdədir və onun rəsmi tədbirlərdən kənarda qalması da bununla izah olunur.

Məzuniyyəti dekabrda başa çatacaq baş nazirin birinci müavininin həmin ayda təqaüdə göndərilməsi gözlənilir.

Ehtimal olunur ki, Yaqub Eyyubov pensiyaya çıxandan sonra onun vəzifəsini indiki baş nazirin müavini Samir Şərifov tutacaq.

Eyni zamanda, sabiq səhiyyə naziri Teymur Musayevin baş nazirin müavini təyin edilməsi məhz bu kadr dəyişikliyi ilə əlaqələndirilir.

Qeyd edək ki, 1945-ci ildə anadan olmuş Yaqub Eyyubov 2003-cü ildən baş nazirin birinci müavini vəzifəsini icra edir və o, oktyabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilib.

Xəbər lenti

    Çox oxunanlar