
Lider.com.az istinadən bildirir ki, vahid məktəbli forması ilə əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi qərardan sonra qardaş ölkədə bəzi dairələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasına start verilib. Həmin qruplar hətta irəli gedərək respublikamızın rəhbərliyi barəsində əsassız fikirlər səsləndiriblər. Bütün bunlara Türkiyədə ilk və təsirli cavabı Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Bağçalı ünvanlayıb. O, ölkə başçımıza qarşı deyilən təhqirlərə, həmçinin daxili işlərimizə müdaxilə cəhdlərinə sərt reaksiya göstərərək dövlətimizi müdafiə edib. Siyasətçinin həyata keçirdiyi son tədbirlər və çıxışları onun Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasına rəhbərlik etməsi məsələsini də aktuallaşdırıb. Cəmiyyətdə bəziləri bu vəzifəni ən yaxşı şəkildə məhz onun yerinə yetirə biləcəyinə inanırlar.
MHP daxilində də Dövlət Bağçalının Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri təyin olunması ideyasına münasibət bildirilib. Partiyanın Mərkəzi İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Abdurrahman Başkan bu addımın təşkilata əlavə dəyər qatacağını söyləyib. O bildirib ki, Dövlət bəy quruma dəyər qatar, lakin bu prosesin mexanizmindən xəbərsizdir. Siyasi təşkilatın digər millət vəkili Kamil Aydın isə bu fikrin artıq ictimaiyyətdə də dəstək gördüyünü qeyd edərək, təbii olaraq insanların ürəyindən xəbər verdiyini vurğulayıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da öz fikirlərini bölüşüb. Parlamentari bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrdə yaranmış gərginliyin aradan qaldırılmasında hər iki dövlətin nüfuzlu simalarının mövqeyi əhəmiyyətli rol oynayıb. Onun sözlərinə görə, qardaşlığın əbədi olmasını istəyən saysız-hesabsız tanınmış ziyalılar fəaliyyət göstərib. MHP sədrinin ölkəmizə qarşı yönələn addımların atıla bilməyəcəyini bəyan etməsi bir çoxlarının ağlını başına gətirib. O əlavə edib ki, Dövlət Bağçalı heç vaxt vəzifə dalınca qaçmayıb və onun üçün ən uca məqam türk birliyidir.
Deputat Dövlət Bağçalının TDT Ağsaqqallar Şurasının sədri olması ehtimalını da dəstəklədiyini bildirib. O qeyd edib ki, bu vəzifəni həyata keçirməsini çox istərdi və əslində ağsaqqallıq missiyasını artıq öz üzərinə götürüb yerinə yetirib. Eyni zamanda Kürşad Zorlu başda olmaqla Türkiyədəki aydınların birliyin qorunması üçün böyük əmək sərf etdiyini diqqətə çatdırıb. O, ölkələrimizin arasını vurmağın mümkünsüzlüyünə inandığını və Prezident İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın dövlət ağlının hər zaman güclü olduğunu qeyd edib.
Milli Məclisin digər üzvü Aydın Mirzəzadə isə vurğulayıb ki, MHP sədrinin təkcə qardaş ölkədə deyil, bütün Türk dünyasında böyük nüfuzu mövcuddur. Onun sözlərinə görə, türk dövlətçiliyi və milli birliyin yaranması istiqamətindəki fəaliyyəti həmişə müsbət nəticələr verib. Son günlər bəzi şəxslərin Azərbaycanın daxili işlərinə qarışmaq məzmunu daşıyan bəyanatlar səsləndirməsi ölkəmizdə ciddi narazılıq doğurub, çünki respublikamız daxili məsələlərini özü həll etmək gücündədir. Millət vəkili əlavə edib ki, hazırda TDT Ağsaqqallar Şurasına rəhbərlik edən Binali Yıldırım da ilk gündən mövqeyimizi müdafiə edib və vəzifəsini layiqincə yerinə yetirir, baxmayaraq ki, Dövlət Bağçalının bu quruma sədr olması da çox əhəmiyyətli hadisə olardı.
