
Lider.com.az istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Türkiyə lideri 30 il ərzində işğal altında qalmış Azərbaycan torpaqlarının azad edildiyi Zəfər Gününün altıncı ildönümü münasibətilə dövlət başçısını və bütün azərbaycanlıları şəxsi adından və xalqı adından ürəkdən təbrik edib.
R.T.Ərdoğan qeyd edib ki, Azərbaycanın Zəfərlə nəticələnən haqlı mübarizəsi bütün Türk dünyasının fəxr mənbəyinə çevrilib və azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə aparılması hamıda qürur hissi yaradır.
Məktubda həmçinin vurğulanıb: "Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız "Bir millət, iki dövlət" anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm".
Türkiyə Prezidenti əlavə edib ki, bölgədə davamlı sülh və sabitliyin təmin olunması naminə birgə həyata keçirilən tədbirlər sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, əməkdaşlıq və inkişaf məkanına çevrilib.
Sonda dövlət başçısı ölkənin müstəqilliyi naminə canını fəda etmiş qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyib, qazilərə təşəkkürünü çatdırıb, Prezident İlham Əliyevə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.
