
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Ağsaqqallar Şurası 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Müraciəti qurumun çoxsaylı üzvləri adından Ağsaqqallar Şurasının sədri, deputat professor Eldar Quliyev imzalayıb.
Məktubda 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin ildönümü münasibətilə dövlət başçısına və xalqımıza səmimi təbriklər çatdırılıb, xalqa bəxş edilən Zəfərə görə dərin minnətdarlıq ifadə olunub. Vurğulanıb ki, bu möhtəşəm qələbə Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, müdrik siyasəti, Azərbaycan Ordusunun rəşadəti və xalqın sarsılmaz birliyi sayəsində gerçəkləşib, 30 illik işğala son qoyulmaqla tarixi ədalət bərpa edilib. Həmçinin 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə bütün ərazilərdə dövlət suverenliyinin tam bərpasının bu Zəfərin məntiqi davamı olduğu qeyd edilib.
Müraciətdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa-quruculuq prosesinə, Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın dədə-baba torpaqlarına dönməsinə diqqət çəkilib. Şəhidlərin xatirəsi ehtiramla anılıb, qazilərə təşəkkür edilib. Qeyd olunub ki, 35 mindən çox üzvü birləşdirən Şura dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasəti daim dəstəkləməkdə davam edəcək.
Sonda Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya cansağlığı, uzun ömür və fəaliyyətlərində yeni uğurlar arzulanıb.
