18:08

XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

Lider.com.az istinadən bildirir ki, Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat qəbul edib.

Sənəddə qeyd olunur ki, 8 Noyabr – Zəfər Günü ölkəmizin çoxəsrlik dövlətçilik salnaməsinin ən şanlı səhifələrindən biridir.

Bu əlamətdar tarix 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfərin, eləcə də xalqımızın milli həmrəyliyinin, sarsılmaz iradəsinin və Vətən sevgisinin rəmzidir.

Dörd il əvvəl Azərbaycan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı, həmçinin ordumuzun igidliyi sayəsində Ermənistanın torpaqlarımızda təxminən otuz il sürən işğalına son qoyuldu, 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması ilə müharibədə qələbə qazanıldı.

Bundan əlavə, 2023-cü ilin sentyabr ayında reallaşdırılan antiterror əməliyyatları nəticəsində dövlət suverenliyimiz tam bərpa olundu.

Vətən müharibəsindəki zəfər nümayiş etdirdi ki, heç bir qüvvə xalqımızın milli birliyini, dövlətçilik əzmini və torpaqlarına sahib çıxmaq qətiyyətini sarsıtmağa qadir deyil.

Son dövrlərdə ölkəmiz işğaldan azad olunan bölgələrin bərpası və yenidən qurulması istiqamətində miqyaslı tədbirlər həyata keçirməkdədir.

Böyük Qayıdış proqramı çərçivəsində müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması istiqamətində fəaliyyət davam etdirilir.

Eyni zamanda, Azərbaycan bölgədə uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönələn səylərini davam etdirir.

Ölkəmizin ötən müddətdə Ermənistana qarşılıqlı etimadın yaradılması istiqamətində atdığı məqsədyönlü və ardıcıl addımlar Cənubi Qafqazın münaqişə deyil, sülh və tərəqqi məkanına çevrilməsinə xidmət edir və bunların hamısı Azərbaycanın yaratdığı yeni reallıqlar sayəsində mümkün olub.

Qazanılan qələbə tariximizin qüruru, dövlətimizin qüdrəti, eləcə də xalqımızın əbədi iftixarıdır.

Bu əlamətdar gündə Vətənin azadlığı və müdafiəsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur, qazilərə və müharibə iştirakçılarına dərin minnətdarlıq ifadə edilir.

Bəyanat Zəfər Gününün mübarək olması arzusu ilə yekunlaşıb.

Xəbər lenti

    Çox oxunanlar