
Lider.com.az istinadən bildirir ki, ölkəmizin mədəniyyət ictimaiyyətinin nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.
Müraciətdə 8 Noyabr - Zəfər Gününün torpaqlarımızın işğaldan azad olunması, suverenliklə ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təmin edilməsi uğrunda aparılan mübarizənin simvoluna çevrildiyi vurğulanıb. Müəlliflər dövlət başçısına xalqa bəxş etdiyi tarixi Qələbəyə görə dərin minnətdarlıqlarını çatdırıblar.
Məktubda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı qələbənin milli iradənin təntənəsi və 44 günlük Vətən müharibəsinin hərbi-siyasi, həmçinin diplomatik uğuru kimi yaddaşlarda qalacağı qeyd olunub. Eyni zamanda, Qarabağ və Şərqi Zəngazurda aparılan genişmiqyaslı bərpa işləri, eləcə də tarixi irsin və mədəniyyət layihələrinin bərpası yüksək qiymətləndirilib.
Təbrikin sonunda mədəniyyət xadimləri dövlət başçısına möhkəm cansağlığı və ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıblar. Məktubu Xalq yazıçısı Anar Rzayev, Xalq artistləri Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Zeynəb Xanlarova və digər tanınmış incəsənət, ədəbiyyat və mədəniyyət xadimləri imzalayıblar.
