
Lider.com.az istinadən bildirir ki, noyabrın 9-u Dövlət Bayrağı Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan bayramlardandır.
Bu barədə Milli Məclisin deputatı Afət Həsənova danışıb.
Parlamentari qeyd edib ki, üçrəngli simvolumuz xalqımızın azadlıq əzmini, milli kimliyini, müstəqil dövlət yaratmaq iradəsini və gələcəyə inamını birləşdirən müqəddəs atributdur.
O, hər bir vətəndaşın fəxr mənbəyi olan bu bayrağın cəmiyyətimizin keçdiyi mürəkkəb tarixi yolun, mübarizənin və əldə olunan böyük uğurların təzahürü olduğunu vurğulayıb.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə təsdiq olunub.
Mavi, qırmızı və yaşıl rənglər millətin mənsubiyyətini, müasir dövlət quruculuğuna bağlılığını, həmçinin mənəvi dəyərləri əks etdirir və bu ideologiyanın əsasını Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik ilə islamçılıq prinsipləri təşkil edir.
Cümhuriyyət süqut etdikdən sonra həmin bayraq uzun illər rəsmi səviyyədə istifadə olunmasa da, vətəndaşların yaddaşında müstəqillik amalının ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılıb.
Onun yenidən dövlət səviyyəsinə qaldırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndərin rəhbərliyi ilə keçirilən sessiyasında Naxçıvanın bayrağı kimi qəbul edilib.
Bu addım ölkənin müstəqilliyinin bərpası prosesində mühüm siyasi və mənəvi hadisəyə çevrilib.
1991-ci il fevralın 5-də üçrəngli bayrağımıza yenidən Dövlət Bayrağı statusu verilib və həmin ilin oktyabrında suverenliyin bərpası ilə o, əsas dövlət rəmzləri arasında öz yerini tutub.
Deputat xatırladıb ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib ki, bu da milli rəmzlərə olan dərin ehtiramın göstəricisidir.
Bakıda Dövlət Bayrağı Meydanının salınması və Dövlət Bayrağı Muzeyinin yaradılması dövlətçilik ənənələrinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Hazırda üçrəngli simvolun mənəvi əhəmiyyəti tarixi Zəfər nəticəsində daha da artmışdır.
Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazanılan Qələbədən sonra bayrağımız azad olunan torpaqlarda yenidən dalğalanmağa başlayıb.
Şuşada, Xankəndidə və digər rayonlarda dalğalanan bayraq suverenliyin, ərazi bütövlüyünün və xalqın sarsılmaz iradəsinin rəmzidir.
Dövlət bayrağına ehtiramın təkcə bayram günləri ilə məhdudlaşmamalı olduğunu diqqətə çatdıran deputat bildirib ki, bu dəyərlərin gənclərə öyrədilməsi hər bir kəsin vətəndaşlıq borcudur.
Gənc nəsil bayrağın hansı sınaqlardan keçərək bu günlərə gəldiyini bilməli, müstəqilliyin və milli birliyin mənasını dərindən anlamalıdır.
Heydər Əliyevin fikirlərini xatırladan deputat qeyd edib ki, hər kəs bayrağını və himnini özü qədər sevməlidir, çünki bu, Vətənə, xalqa və dövlətə olan sədaqətin ifadəsidir.
Üçrəngli bayrağın bundan sonra da müstəqil Azərbaycanın qüdrətinin, xalqın birliyinin və gələcək uğurların simvolu kimi daima yüksəklərdə dalğalanacağına əminlik ifadə olunub.
