10:29

Deputat Arzu Nağıyev və köməkçisi Elşad İsmayılovun Qarabağ döyüş yolu

Deputat Arzu Nağıyev və köməkçisi Elşad İsmayılovun Qarabağ döyüş yolu

Lider.com.az istinadən bildirir ki, Azərbaycanın müasir tarixinə mühüm izlər yazan Qarabağ müharibələri müxtəlif nəsillərin taleyində dərin izlər qoyub. Həmin dövrlərdən bir qismi 1990-cı illərin əvvəllərində torpaqların müdafiəsinə qoşulub, digərləri isə uzun illər gözlənilən Qələbənin iştirakçısı olub. Hazırda parlamentdə fəaliyyət göstərən deputat Arzu Nağıyevlə onun köməkçisi Elşad İsmayılovun həyat yolu məhz bu müharibələrlə sıx bağlıdır.

Onlardan biri Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğu halda, digəri 44 günlük Vətən müharibəsinin veteranıdır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin rəhbəri, ehtiyatda olan polkovnik Arzu Nağıyev Birinci Qarabağ müharibəsində iştirak edib. Dövlət təhlükəsizliyi strukturlarında uzun illər çalışan deputatın hərbi fəaliyyəti ölkənin ən mürəkkəb mərhələlərinə təsadüf edir.

Arzu Nağıyev 1989-cu ildən etibarən dövlət təhlükəsizliyi sahəsində çalışıb, sonrakı dövrlərdə Dövlət Təhlükəsizliyi Komitəsi ilə Milli Təhlükəsizlik Nazirliyinin müxtəlif strukturlarında çalışıb. Əməliyyat müvəkkili vəzifəsindən şöbə müdirliyinə qədər irəliləyən Nağıyev Birinci Qarabağ savaşında cəbhə xəttində xüsusi hərbi və əməliyyat tapşırıqlarını yerinə yetirib.

Onun döyüş təcrübəsinin başlanğıcı 1991-ci ilin aprel-may aylarında icra olunan və hərbi tarixdə "Koltso" ("Üzük") adı ilə bilinən əməliyyata gedib çıxır.

Çaykənd və ətraf əraziləri əhatə edən bu tədbirin rəsmi məqsədlərindən biri qanunsuz silahlı dəstələrin tərksilah edilməsi idi. Sovet ordusu və Azərbaycanın müvafiq qurumlarının iştirak etdiyi həmin əməliyyatın gedişi, xüsusilə mülki sakinlərin məcburi köçkünə çevrilməsi halları beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında tənqidə məruz qalıb.

Məlumata əsasən, Arzu Nağıyev həmin vaxt təhlükəsizlik işçisi qismində əməliyyat-kəşfiyyat işlərinə cəlb olunub.

Onun xidmətində diqqət çəkən digər epizod 1991-ci ilin yay və payız aylarında Goranboy ilə Gədəbəy istiqamətlərində aparılan döyüşlərdə iştirakıdır.

Erkeç, Mənaşid, Şəfəq, Qaraçinar, Buzluq və Başqışlaq kəndləri istiqamətində keçirilən əməliyyatlarda Arzu Nağıyev kəşfiyyat xarakterli məlumatların toplanması və döyüş tapşırıqlarını icra edən Azərbaycan birləşmələrinə çatdırılması ilə məşğul olub.

O, həmçinin silahlı qruplaşmaların yerləşdiyi məntəqələrin üzə çıxarılması, onların fəaliyyətinin məhdudlaşdırılması və təhlükəsizlik tədbirlərinin reallaşdırılmasında rol oynayıb.

Xüsusilə 1991-ci ilin iyul-sentyabr aylarında Buzluq, Mənaşid və Erkeç ərazilərində, eləcə də Gədəbəyin Başkənd ətrafındakı döyüşlər onun hərbi yolunda mühüm yer tutub.

Verilən bilgilərə görə, Arzu Nağıyev 1994-cü ildə atəşkəs imzalanana qədər cəbhə xəttində fəaliyyətini davam etdirib. Həmin müddətdə o, hərbi-kəşfiyyat tapşırıqları ilə yanaşı, əsir və girovlarla bağlı araşdırmalarda, onların dəyişdirilməsi prosesində və digər xüsusi təhlükəsizlik tədbirlərində iştirak edib.

Onun fəaliyyəti təkcə Goranboy və Gədəbəylə məhdudlaşmayıb. Müharibə illərində Ağdam, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər, Qazax və digər bölgələr də təhlükəsizlik orqanlarının əməliyyat işində mühüm əhəmiyyət daşıyıb.

Arzu Nağıyev 2020-ci ildə də cəbhə bölgəsində olub.

Birinci Qarabağ savaşından xeyli sonra, 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində başlanan toqquşmalar zamanı Arzu Nağıyev yenidən gərginlik olan məntəqələrə yollanıb. Bu dəfə o, cəbhəyə hərbçi kimi yox, parlament üzvü qismində gedib.

İyul döyüşlərinin ilk günlərindən Tovuzda olan deputat Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərinə baş çəkib, sakinlərlə və hərbçilərlə görüşüb.

Həmin günlərdə artilleriya zərbələri nəticəsində yaşayış evləri və təsərrüfatlar zərər çəksə də, kənd sakinləri öz yurdlarını tərk etməyiblər.

Arzu Nağıyev döyüş bölgəsindən yerli və xarici mediaya açıqlamalar verərək durum barədə cəmiyyəti məlumatlandırıb. O, xüsusilə mülki əhalinin təhlükəsizliyi, sərhədyanı kəndlərdəki vəziyyət və əhalinin əhval-ruhiyyəsi ilə bağlı məsələləri diqqətdə saxlayıb.

Beləliklə, Birinci Qarabağ müharibəsində təhlükəsizlik əməkdaşı kimi fəaliyyət göstərən Arzu Nağıyev illər sonra Tovuz döyüşləri zamanı da hadisə yerində olub.

Deputatın köməkçisi isə 44 günlük müharibənin iştirakçısıdır.

Arzu Nağıyevin Birinci Qarabağ savaşı ilə bağlı döyüş yolu olduğu halda, onun köməkçisi Elşad İsmayılovun hərbi təcrübəsi Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbəyə əsaslanır.

Ehtiyatda olan baş leytenant Elşad İsmayılov Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib.

O, altı il əvvəl baş verənləri, cəbhəyə yollanmasını və silahdaşları ilə çətin günləri bölüşüb.

Elşad İsmayılov qeyd edib ki, 2020-ci il sentyabrın 25-də Gəncədəki hərbi hissəyə təlimə çağrılıb:

“25 sentyabr 2020-ci ildə Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə təlimə cəlb olundum. Sentyabrın 26-da isə Göygöl rayonundakı hərbi hissəyə göndərildik. Oradan artilleriya briqadasına, daha sonra isə Murov istiqamətinə yollandıq.

Sentyabrın 27-də müharibə başladı. İlk gündən əks-həmlə əməliyyatlarında iştirak etdim. Noyabrın 10-da imzalanan bəyanatdan sonra müharibə başa çatdı. Dekabrın 24-də Müdafiə Nazirliyinin əmri ilə ehtiyata buraxıldıq. Hazırda ehtiyatda olan baş leytenantam”.

Cəbhəyə yollanarkən ailəsini, övladlarını və yaşlı valideynlərini geridə qoyan Elşad İsmayılov həmin dövrdə keçirdiyi duyğuları da dilə gətirib.

Onun sözlərinə görə, Vətən müharibəsinə qoşulmaq illər boyu içində bəslədiyi bir arzunun reallaşması idi.

“Mən ailəmi, övladlarımı, yaşlı ata-anamı arxamda qoyaraq Vətənin keşiyində durmağa getdim. Bilirdim ki, Vətənin mənə ehtiyacı var. Ona görə də xidmətə can atır, tələsirdim.

Mənim Vətənə bağlılığımın, xidmətə həvəsimin səbəblərindən biri də Birinci Qarabağ müharibəsi illərində yeniyetmə olarkən döyüşlərdə iştirak etməyi arzulamağım idi. O zaman 14-15 yaşım vardı. Qarabağın bizdən ayrı düşməsi mənim yaralı yerim idi. Uşaqlıqdan Qarabağ həsrəti ilə böyümüşəm. Bu illər ərzində ordumuzun qazandığı hər kiçik uğura, azad etdiyi hər yüksəkliyə görə sevinir, qürur duyurdum.

Çox xoşbəxtəm ki, Qarabağın azad olunmasında mənim də əməyim keçib. Ordumuzun qəhrəmanlığını, şücaətini sözlə ifadə etmək mümkün deyil. Biz bu Zəfəri Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun qəhrəmanlığı sayəsində qazandıq.

Ona görə də Zəfərimizdən 6 il deyil, 16 il, 66 il keçsə də, yenə eyni qürur, eyni sevinc və eyni fərəh hisslərini yaşayacağıq”.

“Bizi bəsləyən bir tikə çörək deyildi, Zəfər sədaları idi”

Elşad İsmayılovun xatirəsində müharibə təkcə döyüş səhnələri ilə deyil, səngərdəki birlik və qardaşlıq bağları ilə də dərin iz buraxıb.

O, döyüş yoldaşları ilə birlikdə içdiyi bir qurtum suyu, bölüşdüyü bir tikə çörəyi bu gün də unutmadığını vurğulayıb.

“Müharibə vaxtı iki cür hərbçi vardı: səfərbərliklə gələnlər və həqiqi hərbi xidmətdə olanlar. Amma aramızda heç bir fərq yox idi.

Biz bir qurtum suyu da bölüşürdük. Bir parça çörəyimiz olanda onu döyüş yoldaşlarımız arasında paylaşırdıq. Zabit, əsgər fərq etmirdi. Heç nə düşünmədən əlimizdə olanı bir-birimizlə bölüşürdük.

Bəlkə də həmin bir tikə çörək heç birimiz üçün kifayət etmirdi. Ancaq hamımızın bir amalı vardı: Qələbə qazanmaq və bu sevinci xalqımıza yaşatmaq.

Biz Qələbə xəbərlərini aldıqca daha da güclənirdik. Bizi bəsləyən bir tikə çörək deyildi, Zəfər sədaları idi”.

Bu gün Milli Məclisdə birgə fəaliyyət göstərən Arzu Nağıyev ilə Elşad İsmayılovun həyatında Qarabağ savaşları fərqli dövrlərin xatirəsi kimi qalmaqdadır.

Onlardan birinin hərbi xidmət yolu müstəqilliyin ilk dönəmlərinə təsadüf etdiyi halda, digərinin döyüş yolu torpaqların azad edildiyi 2020-ci ildə formalaşıb.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan deputatla Vətən müharibəsi iştirakçısını birləşdirən əsas cəhət hər ikisinin həyatında Qarabağın və hərbi xidmət illərinin müstəsna yer tutmasıdır.

Xəbər lenti

    Çox oxunanlar