20:38

Vətəndaşlara whatsapp hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edilib

vətəndaşlara whatsapp hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edilib

Lider.com.az istinadən bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi kibercinayətkarların "WhatsApp" və "WhatsApp Business" profillərini oğurlamaq halları ilə əlaqədar vətəndaşlara müraciət edərək təcili qorunma tədbirləri görməyi zəruri sayıb.

Açıqlamaya əsasən, hesablarda təhlükəsizliyi təmin etmək məqsədilə bir sıra mühüm addımların atılması məsləhət görülür.

İstifadəçilərə əvvəlcə bağlı cihazları nəzərdən keçirmək tövsiyə olunur. Tətbiqdəki müvafiq bölməni açaraq tanış olmayan bütün avadanlıqlardan hesabı ayırmaq lazımdır, çünki şəxsi telefon işlək vəziyyətdə olsa belə, profil başqa yerdən idarə oluna bilər.

Bununla yanaşı, iki mərhələli doğrulamanı qoşmaq vacibdir. Ayarlar menyusundan profili gücləndirmək və bərpa üçün etibarlı e-poçt ünvanı əlavə etmək tələb olunur.

Təhlükəsizlik kodlarını heç kimə söyləməmək vacibdir. SMS təsdiqlərini, cihaz bağlantı şifrələrini və PIN-kodları yad adamlara ötürmək qadağandır, həmçinin şəxsin özü tərəfindən başladılmayan giriş istəklərinə icazə verilməməlidir.

QR-kodlara və saxta xəbərdarlıqlara qarşı ehtiyatlı olmaq lazımdır. "Hesabınız bağlanacaq", "biznes profilinizi təsdiqləyin" yaxud "dəstək xizməti" bəhanəsi ilə göndərilən yalançı keçidlərə inanmaq olmaz, QR-kodları yalnız rəsmi mənbələr vasitəsilə oxutmaq tələb olunur.

Tətbiqi və telefonun proqram təminatını güncəl saxlamaq şərtdir. "WhatsApp" və "WhatsApp Business" proqramlarını yalnız rəsmi mağazalardan yükləmək, bildirişləri aktiv tutaraq yeni avadanlıq qoşulmalarını izləmək lazımdır.

Sahibkarlıq profillərinə çıxışı ciddi nəzarətdə saxlamaq vacibdir. Yalnız səlahiyyəti olan işçilərin avadanlıqlarını bağlı saxlamaq və işdən çıxan şəxslərin giriş hüquqlarına dərhal son qoymaq lazımdır.

Hər hansı şübhəli vəziyyət yaranarsa dərhal hərəkətə keçmək lazım gəlir. Kənar müdaxilə ehtimalı olduqda tanımayan cihazlardan çıxış etmək, profilə giriş itirildikdə isə nömrəni rəsmi tətbiq üzərindən yenidən qeydiyyatdan keçirmək və tanışları adınızdan gələ biləcək saxta müraciətlərə qarşı məlumatlandırmaq tövsiyə olunur.

Məlumatda həmçinin vurğulanıb ki, təkcə iki mərhələli doğrulamanın qoşulması mövcud icazəsiz bağlantıları öz-özünə ləğv etmir, məhz buna görə də bağlı cihazların ayrıca nəzərdən keçirilməsi mütləqdir.

Xəbər lenti

    Çox oxunanlar