19:38

ADA Məktəbində ənənəvi Payız festivalı və Məhsul bayramı keçirilib

ADA Məktəbində ənənəvi Payız festivalı və Məhsul bayramı keçirilib

Lider.com.az istinadən bildirir ki, ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində “Məhsul bayramı” adlı ənənəvi Payız festivalı baş tutub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, eləcə də dövlət və hökumət rəsmilərinin, tərəfdaş qurumların təmsilçilərinin və ictimaiyyət üzvlərinin qoşulduğu tədbir çərçivəsində heykəltaraşlıq simpoziumuna yekun vurulub.

Məktəbin ərazisində azərbaycanlı heykəltaraşlar Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevin müəllifi olduqları üç yeni heykəl sənəti nümunəsinin açılış mərasimi gerçəkləşib.

Sözügedən təşəbbüsün əsas məqsədi şagirdlərin yaradıcılıq prosesinə cəlb olunması, onların təxəyyül və ideyalarının ilkin eskizlərdə əksini tapmasıdır.

Bununla yanaşı, tədbirin əsas hədəfləri arasında şagirdlərdə və tələbələrdə məsuliyyətli vətəndaşlıq hissinin aşılanması, milli-mənəvi dəyərlərin təbliği, xeyriyyəçilik ənənələrinin qorunması və gənclərin erkən yaşlardan cəmiyyətə faydalı şəxsiyyət kimi yetişdirilməsi dayanır.

Bayram tədbiri rəngarəng bədii proqramla davam edib və ADA Məktəbinin, Q.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin, F.Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbinin, həmçinin 24 və 33 nömrəli musiqi məktəblərinin şagirdlərinin ifasında musiqi, rəqs nömrələri və yaradıcı təqdimatlar nümayiş olunub.

Festival çərçivəsində təşkil edilən xeyriyyə sərgi-satışında ADA Məktəbi şagirdlərinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin əl işləri, eləcə də tərəfdaş şirkətlərin məhsulları təqdim edilib.

Həmin satışdan toplanacaq vəsait təhsilyönümlü sosial layihələrin icrasına sərf olunacaq.

Ötənilki “Məhsul bayramı” zamanı yığılan 27 min 309 manat məbləğində vəsait sayəsində “Zəfər Teatrı”, “Hekayələr”, “Qızlar evi”, “Qonşuluq (Şəhərsalma)” və “Qala Cəmiyyəti” olmaqla beş sosial layihə uğurla reallaşdırılıb və ümumilikdə 600 nəfər bu təşəbbüslərdən faydalanıb.

Tədbirin əsas və daimi tərəfdaşı qismində “Veysəloğlu” Şirkətlər Qrupu, eləcə də onun strukturuna daxil olan “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” və “OBA” marketlər şəbəkələri, “Xonça”, “Veysəloğlu-Rossmann”, “Decoliv”, “O to Go” və “Entree” çıxış edərək dəstək göstəriblər.

Festivalda Azərbaycanın müxtəlif bölgələrində becərilən meyvə və tərəvəzlər, çörək və şirniyyatlar, digər yerli istehsal malları, eləcə də qeyri-qida məhsulları alıcılara təklif olunub.

Eyni zamanda, “Azərpambıq”, “Təmiz Şəhər”, “AZ Projects GROUP” və “Liv Bona Dea Hospital” qurumları tədbirə təşkilati dəstək göstəriblər.

Xəbər lenti

    Çox oxunanlar