
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıq faktına sərt reaksiya verib.
Şura sədrinin sözlərinə görə, media nümayəndəsinin Bakı şəhərinin Nizami rayonundakı taxta bazarında baş verən yanğını işıqlandırarkən fiziki təzyiqlə üzləşməsi, təhqir olunması və peşə vəzifəsini yerinə yetirməsinə əngəl törədilməsi tamamilə yolverilməzdir.
O vurğulayıb ki, jurnalistin hadisə yerindən ictimai əhəmiyyətli xəbərləri toplayaraq cəmiyyətə ötürməsi onun birbaşa peşə borcudur və bu cür fəaliyyətə qarşı güc tətbiqi, hədə-qorxu, eləcə də təhqirlər təkcə media işçisinin hüquqlarını deyil, ümumilikdə məlumat almaq azadlığını hədəf alır.
Vüqar Zifəroğlu qeyd edib ki, heç bir şəxsin medianın peşəkar fəaliyyətinə güc yolu ilə qarışmağa, işçiləri söyməyə və ya iş avadanlıqlarını qırmağa haqqı yoxdur.
Onun fikrincə, insident baş verən yerdə asayiş hüquqi çərçivədə qorunmalı, reportyorların işinə isə əsassız qadağalar qoyulmamalıdır.
Şura sədri bu olayın aidiyyəti qurumlar tərəfindən hərtərəfli və qərəzsiz araşdırılmasını, jurnalistə əl qaldıran şəxsin əməlinin hüquqi müstəvidə qiymətləndirilməsini və qanunun tələblərinə uyğun addımlar atılmasını tələb edib.
