
Lider.com.az istinadən bildirir ki, ölkəmizdə elmi fəaliyyətlə məşğul olan mütəxəssislərin altmış faizdən çoxunu qadınlar təşkil edir.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Güclü cəmiyyətin zərif simaları" layihəsinin yekun konfransındakı çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, bu rəqəmlər ötən ilin statistik göstəricilərinə əsaslanır.
Sədr müavini bildirib ki, məşğul əhalinin 48,1 faizini qadınlar təşkil edir, ali təhsil müəssisələrində təhsil alanların isə əlli faizdən çoxunu xanımlar təşkil edir.
O qeyd edib ki, güclü dövlətin təməlində güclü cəmiyyət dayanır və bu cəmiyyət hər kəsin öz potensialını reallaşdıra bildiyi mühitdə formalaşır.
Aynur Sofiyeva vurğulayıb ki, dayanıqlı inkişaf, insan kapitalının gücləndirilməsi, dəyərlərin qorunması və hər kəs üçün bərabər şəraitin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə əsasən, cəmiyyətdə qadınlar və kişilər üçün bərabər hüquqların təmin edilməsi, xanımların bütün sahələrdə potensiallarını reallaşdırmaları üçün lazımi sosial mühitin yaradılması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Komitə sədrinin müavini həmçinin qadınların əmək bazarında və müxtəlif iqtisadi sahələrdə fəallığının artdığını da diqqətə çatdırıb.
O qeyd edib ki, xüsusilə qeyri-neft sektorunda qadınların iştirak payının genişlənməsi diqqəti cəlb edir və bütün bunlar dövlətin bu istiqamətdə yürütdüyü siyasətin əyani nəticəsidir.
Aynur Sofiyeva əlavə edib ki, göstərilən rəqəmlər məşğulluğun artırılması və gender bərabərliyinin təmin olunmasının qadınların iqtisadi imkanlarının genişlənməsində mühüm rol oynadığını sübut edir.
