
Lider.com.az istinadən bildirir ki, ölkəmizdə bir neçə avtobus istiqaməti üzrə təşkil olunan müsabiqələrin yekun nəticələri məlum olub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, sərnişindaşıma sektorunda rəqabətin gücləndirilməsi, eləcə də xətlərin verilməsində qanunvericilik normalarının yerinə yetirilməsi istiqamətində görülən işlər davam etdirilir. Bu çərçivədə paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat şəhərlərarası və İkinci Nügədi - Heydər Əliyev prospekti (Quba) avtobus marşrutları üzrə müsabiqələrə yekun vurulub.
Qolu qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birləşdirən 567 nömrəli şəhərətrafı marşrut xətti üzrə "Xaliq Faiqoğlu" MMC hüquqi şəxs, Bakı–Sınıq Körpü marşrutu üzrə isə Abbasov Eyvaz Abbas oğlu və Əmiraslanov Orxan Nadir oğlu fiziki şəxslər qalib gəliblər. Eyni zamanda, Bakı–Zaqatala marşrutu üzrə Bilalov Bəxtiyar Bilal oğlu fiziki şəxs, Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə "ALIOSMAN AĞASOY" MMC hüquqi şəxs, Bakı–Xudat marşrutu üzrə "Logistics And Transport Services" MMC hüquqi şəxs, İkinci Nügədi–Heydər Əliyev prospekti (Quba) marşrutu üzrə isə "Uğurlu Yol" MMC hüquqi şəxs qalib elan edilib.
Qeyd edək ki, sözügedən müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna və Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"nın tələblərinə əsasən reallaşdırılır.
Marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə AYNA tərəfindən mərhələli şəkildə müsabiqəyə çıxarılır. Prosesin əsas məqsədi sərnişin daşınması sahəsində təqdim edilən xidmətlərin keyfiyyətini, təhlükəsizliyini və rahatlığını yüksəltmək, həmçinin xətlərin verilməsində şəffaflığı təmin etməkdir.
