
Lider.com.az istinadən bildirir ki, Xocalı rayonunda özünüməşğulluq tədbirlərinə qoşulan sakinlərin ümumi sayı 300 nəfərə çatıb.
Bu rəqəm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin həmin rayonda yaradılan təsərrüfatlarla bağlı media nümayəndələri üçün təşkil etdiyi səfər zamanı açıqlanıb.
Jurnalistlər Xocalının Ballıca kəndində yaşayan Eyvaz Əliyev ilə Aysel Əliyevanın, həmçinin Badara kənd sakini Əsmət Miriyevanın təsərrüfatlarındakı mövcud şəraitə və verilmiş aktivlərin vəziyyətinə baxış keçiriblər.
Verilən məlumata əsasən, təşəbbüs çərçivəsində E. Əliyev arıçılıq istiqaməti, A. Əliyeva isə qoyunçuluq sahəsi üzrə dəstək alıb, Ə. Miriyevaya isə cins damazlıq heyvanlar təqdim edilməklə maldarlıq təsərrüfatı yaradılıb.
Doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluq məsələləri dövlətin daimi diqqət mərkəzindədir və göstərilən dəstək onlara şəxsi təsərrüfatlarını genişləndirməyə, eləcə də tələbatlarını ödəməyə imkan verəcək.
Dövlət tərəfindən lazım olan aktivlərlə təmin olunan yerli sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
