
O qeyd edib ki, 32 ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar: “Cənab Prezident bildirdi ki, “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”. Bu Azərbaycan xalqının qəhrəmanlığı və fədakarlığı nəticəsində mümkün oldu. Xalqımız özünün pozulmuş fundamental hüquqlarını döyüş meydanında bərpa edib. Şəhərlərimiz, kəndlərimiz qan tökərək, şəhidlər verərək azad olundu. Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. Özləri haqqında uydurmalar yayan, miflər formalaşdıran mənfur düşmən Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlaya biləcəklərini düşünürdülər. Azərbaycan xalqı ona məxsus olanı gec-tez geri almaq üçün bir yumruq kimi birləşdi və torpaqlarını geri qaytardı. Bu baxımdan da 44 günlük Vətən müharibəsi şanlı tariximiz kimi yaddaşlara həkk olunub. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xalqımız üçün olduqca tarixi və qürurverici bir hadisə idi”.

Aqil Məmmədov vurğulayıb ki, vaxtilə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk Qrupu isə 28 ildə Azərbaycan xalqına qarşı fəaliyyət göstərib: “Cənab Prezidentin də vurğuladığı kimi “onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin”. Regionda yenidən gərginliyin yaranmasında maraqlı olan qüvvələr o cümlədən Fransa və Amerika kimi ölkələr Azərbaycan xalqının və dövlətinin iradəsindən kənar heç bir prosesin reallaşmasının mümkün olmayacağını yəqin etməlidir. Məhz bu kontekstdə ölkə başçısı da qeyd etdi ki, “hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”. Eyni zamanda bir daha Ermənistana və Fransaya, revanşistlərə xəbərdarlıq edildi”.
