03:21

Cüdoçumuz dünya çempionatının finalına yüksəldi

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.

Xəbər verilir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya ipponla qalib gəlib.

O, həlledici qarşılaşmada kanadalı Şeydi Əl-Nahasla üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə yeganə medalı Hidayət Heydərov qazandırıb. O, 73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.