Sizin Reklam Burada
RU
20:24

“Paşinyan 10 milyard da təklif etsə, Putin görürtməyəcək...” – İrəvan DİLEMMA qarşısında

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya icarəyə verilmiş Ermənistan dəmir yollarını, elektrik şəbəkə sistemini və qaz paylayıcı sistemini Rusiyanın nəzarətindən çıxarmaq istəyir. Ona görə də Rusiya prezidentinə təklif edib ki, güzəşt hüququnu təxminən 400 milyon dollara Ermənistan hökumətinə satmağa razılaşsın.

Lakin ekspertlər hesab edir ki, Rusiya tərəfinin bu təklifi qəbul etməsi mümkün deyil, Rusiya buna razılaşmaz. Siyasi şərhçi Aydın Quliyev bu barədə Musavat.com-a şərhində bildirib ki, Rusiya Ermənistanın dəmiryollarını, elektrik şəbəkəsini, qaz paylayıcı şəbəkəsini icarəyə götürməyə gəlir əldə etmək məsələsi kimi baxmır. Bu üç mexanizmin Rusiyanın əlində olması Moskvanın İrəvana təsir rıçaqlarının olması deməkdir: “Rusiya bu rıçaqları əldən vermək istəməz. Ona görə də Paşinyan nəinki 400 milyon, hətta 10 milyard dollar da təklif eləsə Putin qəbul etməyəcək. Rusiya lideri ölkəsinin strateji mənafelərinin təmin edən rıçaqları hansısa məbləğə qurban verməz. Rusiya pul müqabilində və könüllü şəkildə Ermənistan dəmir yollarının konsessiya hüququnu başqa bir ölkəyə satmaz”.

Ekspertin sözlərinə görə, Ermənistan hökuməti çalışır ki, bu hüququ birbaşa Ermənistan dövlətinə qaytarmaqla əldə etmək mümkün deyilsə, özünə yaxın hesab elədiyi bir ölkəyə satmaqla problemi həll eləsin: “Bir ara Paşinyan icarə hüququnun Qazaxıstana və ya Qətərə satılması məsələsini qaldırmışdı. Bu o deməkdir ki, baş nazir bu hüququ Ermənistanın özünə qaytaracağına əmin deyil, ona görə də başqa bir ölkə variantını gündəmə gətirir. Amma Kremlin icarə müddəti bitməmiş həmin hüquqları Ermənistana qaytaracağı ehtimalı yoxdur. Ermənistan dəmiryolları 2038-ci ilə qədər Rusiyanın konsessiyasındadır. Bu baxımdan 2038-ci ilə qədər Ermənistan dəmiryollarının Rusiyanın icarə hüququndan çıxarılması asan məsələ deyil. Bu çox mübahisəli və uzun çəkən bir məsələyə çevriləcək”.

Etibar Seyidağa,
Musavat.com

Çox oxunanlar