Xudu Məmmədov küçəsində, 19 və 4 nömrəli evlərin yaxınlığında işıqforun olmaması ərazidə yaşayan sakinlərin haqlı və əsaslı narazılığına səbəb olur.“Avtomobillər heç də həmişə piyadalara yol vermirlər və burada dəfələrlə qəza hadisələri baş verib”, — deyə yaxınlıqda yaşayan keçmiş müəllim Pərvin Nəcəfzadə vəziyyəti izah edir. — “Məktəblilər yolu böyük çətinliklə və ehtiyatla keçirlər. Yaxınlıqda 245 nömrəli tam orta məktəb yerləşir. Uşaqlar yolu keçə bilmirlər, çünki avtomobillər və avtobuslar onlara yol vermir, üstəlik, nəqliyyat vasitələri çox vaxt yüksək sürətlə hərəkət edir.

Yolda təhlükəsizliyimiz yalnız işıqfordan asılıdır. Burada yol nişanlarının quraşdırılması da kömək etməyəcək, çünki sürücülər onlara demək olar ki, reaksiya vermirlər.”
Biz şəhərdə yol hərəkətinin və nəqliyyat sisteminin tənzimlənməsinə cavabdeh olan DİN-in tabeliyindəki Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə əlaqə saxladıq.
Qurumun əməkdaşı müraciətimizi dinlədikdən sonra bildirdi ki, əgər həmin ərazidə müşahidə kamerası varsa, yoldakı vəziyyət kamera görüntüləri vasitəsilə yoxlanılacaq. Kamera olmadığı təqdirdə isə əraziyə idarənin əməkdaşı göndəriləcək.
Həmçinin bizə ASAN vasitəsilə və ya daxili işlər naziri Vilayət Eyvazova elektron məktubla müraciət etmək tövsiyə olundu.
Amal Rubai
Foto Səəyərə Heydərova

