Lider.com.az istinadən bildirir ki, Türkiyə və Ermənistan sərhəd xəttində yerləşən qədim Ani körpüsünün yenidənqurma işləri ilə əlaqədar tender proseduru yekunlaşdırılıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu barədə açıqlama verərək bildirib ki, Qars bölgəsində yerləşən qədim körpünün təmiri məqsədilə sentyabrın 16-da müsabiqə baş tutub, ayın 28-də isə müqavilə imzalanıb.
Onun sözlərinə görə, Ankara və İrəvan arasında mayın 4-də İrəvanda qəbul olunmuş protokola əsasən, bərpa tədbirləri hər iki dövlətin birgə komissiyasının nəzarəti altında icra olunacaq.
Uraloğlu diqqətə çatdırıb ki, X əsrdə İpək Yolunun üzərində tikilmiş bu körpüdən bu günə yalnız dayaq qalıqları gəlib çatıb. Ümumi uzunluğu 80 metr, eni isə 8 metr olan qədim abidənin 31 metrlik tağ hissəsi 1807-ci ildə uçub.
Nazir əlavə edib ki, təşəbbüsün əsas məqsədi İpək Yolunun mühüm tarixi irslərindən birini yenidən canlandırmaqla gələcək nəsillərə ərməğan etməkdir.
