Lider.com.az istinadən bildirir ki, Yunanıstan Ər-Riyadın xahişinə müsbət yanaşaraq Səudiyyə Ərəbistanı ərazisindəki “Patriot” hava hücumundan müdafiə qurğusunun fəaliyyət müddətini uzatmaq qərarına gəlib.
Bu barədə məlumat Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ilə Ər-Riyad şəhərində baş tutan danışıqlarının ardından bəyan edilib.
Yunanıstan rəhbərliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, “Patriot” qurğusu Qırmızı dəniz sahilində yerləşən Yanbu şəhərindəki mühüm neft emalı müəssisəsinin təhlükəsizliyinin qorunmasında əsas vəzifə yerinə yetirir.
Mitsotakis vurğulayıb ki, yunan hərbçilərinin həmin ərazidə missiya yerinə yetirməsi həm Səudiyyə dövlətinin, həm də bütövlükdə regionun sabitliyinə mühüm dəstəkdir.
Hökumət başçısı qeyd edib ki, Afina krallığın xahişini nəzərə alaraq sözügedən zenit-raket kompleksinin yerləşmə müddətini uzatmaq barədə qərar qəbul edib.
Tərəflər ikitərəfli strateji əməkdaşlığı bir daha təsdiqləyib, həmçinin nəqliyyat, energetika və hərbi sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi imkanlarını gözdən keçiriblər.
Yunanıstanın Baş naziri Səudiyyə Ərəbistanına edilən hücumları qətiyyətlə pislədiyini bildirib və ölkəsinin hər zaman krallığın yanında olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, Yunanıstan tərəfi 2021-ci ildən etibarən Səudiyyə Ərəbistanının hava məkanının qorunmasına kömək məqsədilə bu ölkəyə “Patriot” kompleksləri göndərib.
