
Lider.com.az istinadən bildirir ki, Almaniyanın “Bavariya” futbol komandasının baş məşqçisi Vensan Kompani təcili tibbi yardımla xəstəxanaya yola salınıb.
Klubun məşq bazasında qırx yaşlı belçikalı mütəxəssisin halı pisləşərək huşunu itirib və o, dərhal tibbi helikopter vasitəsilə tibb müəssisəsinə daşınıb.
Məlumata əsasən, Kompani son dövrlərdə virus infeksiyasından əziyyət çəksə də, narahatlıqlara məhəl qoymayaraq işini davam etdirib.
“Bavariya”nın mətbuat xidmətindən verilən açıqlamada baş məşqçinin hərtərəfli yoxlamalardan keçəcəyi və həkim nəzarəti altında olacağı bildirilib.
Həmçinin vurğulanıb ki, belçikalı mütəxəssis olmasa, komandanın hazırlıq prosesinə və matçlarına müvəqqəti olaraq məşqçilər korpusunun digər nümayəndələri nəzarət edəcəklər.
Klubun idman direktoru Maks Eberl qeyd edib: “Vensan Kompaninin sağlamlığı bizim üçün əsas prioritetdir. Onun tezliklə sağalması üçün əlimizdən gələni edəcəyik. O, bütün zəruri tibbi yardım və dəstəklə təmin olunacaq”.
Xatırladaq ki, Vensan Kompani 2024-cü ilin may ayından etibarən “Bavariya”nın sükanını arxasındadır. Onun rəhbərliyi altında kollektiv iki dəfə Almaniya çempionatının, ölkə Superkubokunun, eləcə də bir dəfə Almaniya Kubokunun qızıl medallarına sahib çıxıb.
Kompani məşqçilik fəaliyyətinə qədər Belçikanın “Anderlext” və İngiltərənin “Börnli” klublarında işləyib. Oyunçu karyerası dövründə isə o, “Mançester Siti”nin heyətində dörd dəfə İngiltərə Premyer Liqasının qalibi olub.
