
Lider.com.az istinadən bildirir ki, Varşava hakimiyyəti ölkə daxilində Birləşmiş Ştatların daimi hərbi baza məntəqəsinin inşasına təqribən 15 milyard zloti, yəni 3,8 milyard dollar həcmində vəsait yönəltməyi nəzərdə tutur.
Bu barədə məlumatı Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış yerli mətbuata verdiyi açıqlamada diqqətə çatdırıb.
Dövlət rəsmisinin bildirdiyinə görə, rəsmi Varşava Amerika qüvvələrinin daimi dislokasiyası üçün lazımi torpaq sahələrini dəqiq təyin edib və bütün zəruri infrastruktur işlərinə başlamaq əzmindədir.
Nazir qeyd edib: "Biz hazırıq, müvafiq ərazilər müəyyən edilib. İnfrastrukturun tikintisinə və maliyyələşmənin cəlb olunmasına hazırıq. Bu, böyük, lakin çox sərfəli investisiyadır. Söhbət təxminən 15 milyard zlotidən gedir."
Kosinyak-Kamışın sözlərinə görə, həmin hərbi obyektlərdə 5 min nəfərlik ABŞ kontingenti ilə yanaşı, onların ailə üzvlərinin və mülki işçilərin də daimi əsasda yerləşdirilməsi planlaşdırılır. Ümumilikdə isə təxminən 25 min vətəndaşın rahat yaşaması məqsədilə yaşayış binaları və digər zəruri sosial-kommunal qurğular tikilməlidir.
Həmçinin nazir əlavə edib ki, Polşa tərəfi hazırda Vaşinqtonun yekun cavabını gözləməkdədir. Sənədlər paketinin noyabr ayında Pentaqona təqdim olunacağı, ABŞ rəhbərliyinin isə qərarını dekabrda elan edəcəyi gözlənilir.
