18:15

2027-ci ildə keçiriləcək FIFA U-20 dünya çempionatının rəsmi brendi nümayiş olunub

2027-ci ildə keçiriləcək FIFA U-20 dünya çempionatının rəsmi brendi nümayiş olunub

Lider.com.az istinadən bildirir ki, FİFA 2027-ci ildə 20 yaşadək futbolçular arasında təşkil olunacaq dünya çempionatının rəsmi brendini ictimaiyyətə təqdim edib.

Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi yarışın yeni brendi gənc futbol istedadlarını tarix yazmağa səsləyir.

Çempionatın “Bu oyun sənlikdir” adlanan rəsmi şüarı həm gənc oyunçulara, həm də onlara dəstək verən tərəfdarlara ünvanlanıb.

Sözügedən şüar U-20 dünya çempionatının ruhunu tam şəkildə əks etdirərək böyük uğurlar qazanmaq, yeni dostluqlar qurmək və futbolun gələcəyini şəkilləndirmək imkanlarını ön plana çıxarır.

Müsabiqənin vizual konsepsiyası Azərbaycan ilə Özbəkistanın zəngin mədəni irsindən, xüsusilə yerli kaşı və mozaikalardan ilhamlanıb.

Qədim ənənələr gənc nəslin zövqünə uyğun şəkildə çağdaş naxışlar, rənglər və rəng keçidləri vasitəsilə yenidən işlənib.

Rəsmi emblemdə gənclərin futbolun gələcəyini formalaşdırmaq gücünü nümayiş etdirən və “SƏN” mənasını verən unikallıqlı “U” hərfi yer alıb.

Bu dizayn həll oyunçuların və azarkeşlərin turnirin tam mərkəzində dayandığını vurğulayır, emblemdəki “U20” detallarının forması isə bütün vizual materiallarda tətbiq olunan dinamik naxışı əks etdirir.

Firuzəyi, yaşıl, bənövşəyi və qırmızı çalarların daxil olduğu parlaq rəng palitrası vizual konsepsiyanı tamamlayaraq hər iki ev sahibi ölkəni vahid brend ətrafında birləşdirir.

FİFA-nın baş katibi Mattias Qrafström qeyd edib ki, FİFA Dünya Çempionatında ölkəsini təmsil etmək gənc oyunçular üçün karyeraları boyunca qürurla xatırlayacaqları önəmli bir nailiyyətdir.

Onun sözlərinə görə, bu turnir müxtəlif oyun üslubları ilə tanış olmaq, yeni mühitə adaptasiya olmaq və həmyaşıdları ilə rəqabətdə özünü yoxlamaq üçün əla şansdır.

Mattias Qrafström əlavə edib ki, səmərəli əməkdaşlığa görə təşəkkür etdikləri Azərbaycan və Özbəkistanla birlikdə gənclərə bütün bacarıqlarını göstərmək üçün lazımi dəstəyi təmin edəcəklər.

Brendin təqdimatı ilə əlaqədar olaraq hər iki dövlətin paytaxtlarında xüsusi tədbirlər təşkil olunub və Bakı ilə Daşkəndin mərkəzi məkanlarında rəsmi emblem nümayiş etdirilib.

AFFA-nın prezidenti Rövşən Nəcəf bildirib ki, turnir gənclərə istedadlarını göstərmək, beynəlxalq təcrübə qazanmaq və karyeralarında mühüm addım atmaq üçün geniş imkanlar yaradır.

O qeyd edib ki, bu yarış yüksək səviyyəli idman tədbiri olmaqla bərabər, həm də gənclərin inkişafına və azarkeşlərin futbola marağının artmasına xidmət edəcək.

Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov vurğulayıb ki, çempionat gənc oyunçuların beynəlxalq arenada özünü göstərməsi üçün böyük platformadır.

İrmatov əminliyini ifadə edib ki, Azərbaycan və Özbəkistan xalqlarının birgə ev sahibliyi iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcək və dünya azarkeşlərinin rəğbətini qazanacaq.

Qeyd edək ki, 2027-ci ildə keçiriləcək yarış sayca 25-ci turnir olacaq və 1977-ci ildə Tunisdə baş tutmuş ilk çempionatın 50 illiyinə təsadüf edəcək.

Dieqo Maradona, Lionel Messi və Erlinq Holand kimi ulduzlar məhz bu nüfuzlu yarışda çıxış ediblər.

Stadiondan matçları canlı izləmək istəyən şəxslər bilet satışı ilə bağlı məlumat əldə etmək üçün FİFA-nın rəsmi səhifəsində qeydiyyatdan keçə bilərlər.