
Lider.com.az istinadən bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında dövlət başçısı İlham Əliyevin söylədiyi nitqdən irəli gələn məsələlərə dair yığıncaq baş tutub.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin rəhbəri Xaqani Tağıyev, YAP yerli təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədri Hacı Tahir Abbasov, Vətən müharibəsi şəhidi Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə, həmçinin bələdiyyə sədrləri, hüquq-mühafizə qurumlarının, idarə və müəssisələrin rəhbərləri, eləcə də ictimaiyyət fəalları qatılıblar.
Toplantıda çıxış edən Niyazi Bayramov YAP-ın səkkizinci qurultayında Prezident İlham Əliyevin göstərdiyi əsas istiqamətlərdən, ölkəmizin sosial-iqtisadi tərəqqisindən, Gəncədə icra olunan layihələrdən və təhlükəsizliyin mühüm tərkib hissəsi sayılan ideoloji mühafizədən danışıb.
N.Bayramov diqqətə çatdırıb ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra gerçəkləşdirilən bu qurultay böyük siyasi və tarixi dəyərə malikdir. Dövlət rəhbərinin nitqində müstəqilliyimizin möhkəmləndirilməsi, milli təhlükəsizliyin qorunub saxlanılması, iqtisadi sahənin inkişafı, vətəndaşların rifah halının yaxşılaşdırılması və mənfi təsirlərin qarşısının alınması qarşıda duran mühüm hədəflər kimi göstərilib.
Şəhər rəhbəri vurğulayıb ki, respublikada yeridilən iqtisadi kursun müsbət bəhrələri Gəncədə də aydın görünməkdədir. Son illər ərzində bölgədə 15 mindən çox yeni iş yeri açılıb, sərmayələrin cəlb edilməsi, sahibkarlığın dəstəklənməsi və məşğulluğun artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Hazırda Gəncədə 32 mindən artıq sakinin əmək pensiyası aldığını qeyd edən icra başçısı əhalinin sosial rifahının yüksəldilməsinin dövlət siyasətinin prioritetlərindən biri olduğunu xatırladıb.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Gəncədə miqyaslı sosial-iqtisadi və infrastruktur tədbirləri həyata keçirilir. Şəhərin 2019-cu ildə "Avropanın İdman Şəhəri", 2025-ci ildə isə MDB məkanının İdman Paytaxtı adına layiq görülməsi, eləcə də III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi etməsi Gəncənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, şəhərin Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" təşəbbüsünə ölkəmizdə ilk qoşulan yaşayış məntəqəsi olması dayanıqlı inkişafın göstəricisidir.
Toplantıda nəqliyyat və kommunal təsərrüfatının yenilənməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Bildirilib ki, 2025-ci il sentyabrın 27-də dövlət başçısının iştirakı ilə "BakuBus" MMC-nin Gəncə Avtoparkı istismara verilib. Sərnişinlərə göstərilən xidmətlərin səviyyəsini artırmaq məqsədilə müasir avtobuslar gətirilib və yeni dayanacaqlar quraşdırılıb.
"Açıq Kommunal İnfrastruktur Proqramı II" çərçivəsində içməli su və kanalizasiya xətlərinin yenidən qurulması prosesi davam etdirilir. Bununla bərabər, yollar və işıqlandırma sistemləri müasirləşdirilir, çoxmərtəbəli binalar təmir olunur, məhəllələr abadlaşdırılır, istirahət parkları və tarixi abidələrin bərpasına xüsusi həssaslıqla yanaşılır.
Niyazi Bayramov Prezident İlham Əliyevin verdiyi tapşırıqların Gəncənin tərəqqisində müstəsna rol oynadığını bildirib. Son illərdə ölkə rəhbərinin iştirakı ilə Gəncə Dövlət Milli Dram Teatrının yeni binası, İdman Sarayı, Şəhər Stadionu, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, 2 nömrəli regional "ASAN xidmət" Mərkəzi və digər əhəmiyyətli obyektlər istifadəyə verilib. Ötən il ölkə rəhbərliyinin şəhərə səfərləri zamanı bazalt məhsulları istehsal edən müəssisənin təməli qoyulub, həmçinin Gəncə Memorial Kompleksi və Hacıkənd İstirahət Kompleksində aparılan işlərlə tanışlıq olub.
Yığıncaqda ideoloji təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılıb. Şəhər rəhbəri qeyd edib ki, müasir dövrdə internet resursları, sosial şəbəkələr və süni intellekt imkanları milli maraqlara zidd istiqamətlərdə də istifadə oluna bilər. Buna görə də həmrəyliyin qorunması, gənc nəslin sağlam təfəkkürlə yetişdirilməsi və hər cür təhdidlərin qarşısının alınması hər bir vətəndaşın borcudur.
Milli-mənəvi dəyərlərin dünyəvi elmlərlə ziddiyyət təşkil etmədiyi vurğulanıb. Uşaqların hüquqlarının müdafiəsi, təhsilin vacibliyinin düzgün aşılanması, eləcə də ailə ilə məktəb arasındakı əlaqələrin möhkəmləndirilməsi önəmli faktorlar kimi qiymətləndirilib. Bu baxımdan müəllim kollektivlərinin, valideynlərin, ziyalıların və ağsaqqalların üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub.
Niyazi Bayramov qurultayda irəli sürülən vəzifələrin dövlət qurumları tərəfindən yüksək məsuliyyətlə icra edilməsinin vacibliyini diqqətə çatdırıb. O, milli maraqların qorunmasının, ölkədəki sabitliyin və birliyin möhkəmləndirilməsinin ümumi vətəndaşlıq borcu olduğunu, bu sahəyə formal yanaşmanın qəbuledilməzliyini bildirib.
Çıxışlarda Azərbaycanın qazandığı uğurların qorunması, müstəqilliyimizin daha da gücləndirilməsi, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq tədbirlərinin sürətləndirilməsi, Böyük Qayıdış prosesinin gerçəkləşdirilməsi və əhalinin rifahının daha da artırılmasının əsas vəzifələr olduğu diqqətə çatdırılıb. Hər kəsin öz iş sahəsində vicdanla çalışmasının, dövlətin inkişafına və təhlükəsizliyinə töhfə verməsinin vacibliyi vurğulanıb.
Tədbirdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, şəhid atası Mirhüseyn Seyidzadə, 4 nömrəli xarici dillər təmayüllü məktəbin direktoru Əliağa Səfərəliyev, ehtiyatda olan baş leytenant, müharibə iştirakçısı Kənan Məlikov və Əməkdar müəllim Yeganə Səfərova çıxış ediblər.
Natiqlər dövlət başçısının qurultaydakı nitqindən irəli gələn "Gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşdırılması", "Məktəb və ailə əməkdaşlığı – uşaqların ideoloji təsirlərdən qorunmasında əsas amil", "Şəhidlərin irsi, Vətən sevgisi və müstəqilliyin qiyməti", həmçinin "Vətən müharibəsi və müstəqilliyin qorunmasında vətəndaş məsuliyyəti" mövzularında fikirlərini bölüşüblər.
Müşavirənin yekununda partiya qurultayının qərarlarından irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün aidiyyəti qurumlara konkret göstərişlər verilib.
