
Lider.com.az istinadən bildirir ki, Cəbrayıl şəhərində Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi üçün yeni inzibati binanın açılışı olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, obyektin istismara verilməsi mərasimində qurumun sədri Zaur Mikayılov və idarənin rəhbər şəxsləri də qatılıblar.
İki mərtəbəli tikili çağdaş standartlara cavab verir və zəruri texniki avadanlıqlarla təchiz olunub. Yeni mərkəzdə rəhbərlik otaqları, laboratoriya, energetika və mexanika bölmələri, SCADA otağı, iqtisadiyyat, eləcə də uçot, hüquq, insan resursları və mühasibatlıq şöbələri, həmçinin digər zəruri xidməti otaqlar fəaliyyət göstərəcək.
Bundan əlavə, iki hektarlıq həyətdə anbar, texniki işçilər üçün köməkçi tikili, sanitar qovşağı və müxtəlif yardımçı binalar da inşa edilərək istifadəyə verilib.
Yeni binayla tanışlıq çərçivəsində ADSEA rəhbəri Zaur Mikayılova Cəbrayılda həyata keçirilən tədbirlər və su təchizatı infrastrukturu barədə ətraflı məlumat verilib.
Bölgəyə qayıdan sakinlərin su ilə təmin olunması istiqamətində rayonda 9 subartezian quyusu qazılıb, ümumi tutumu 7 min kubmetr təşkil edən 3 su anbarı tikilib. Həmçinin su ehtiyatlarının dezinfeksiyası məqsədilə elektroliz qurğusu da işə salınıb.
Məlumatda vurğulanıb ki, şəhərdə ilk mərhələdə 712 ailə üçün mənzillər tikilib və artıq 695 ailə doğma yurduna qayıdaraq orada məskunlaşıb.
Hazırda Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əhalinin su təminatının yaxşılaşdırılması və mövcud infrastrukturun fasiləsiz işləməsi istiqamətində fəaliyyətini davam etdirir.
