
Lider.com.az istinadən bildirir ki, oktyabrın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitində iştirakı çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər üzrə dövlət naziri Humayun Kabir ilə bir araya gəlib.
Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, söhbət zamanı AQEM-in VII Sammitinin uğurlu yekunları məmnunluq doğurduğu qeyd olunub, həmçinin iki ölkə arasında ikitərəfli əlaqələrin gələcək inkişaf istiqamətləri və beynəlxalq qurumlar çərçivəsində tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.
İkitərəfli siyasi dialoqun və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdıran tərəflər, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi imkanlarını müzakirə ediblər və xidməti, eləcə də diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması üzrə razılaşmanın önəmi qeyd olunub.
Bundan əlavə, təhsil, energetika, humanitar sahələr və digər istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi, mövcud potensialdan maksimum səmərə ilə yararlanılması, eyni zamanda xalqlararası münasibətlərin möhkəmləndirilməsi məsələlərinə toxunulub.
Tərəflər BMT daxilində qarşılıqlı dəstək və tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar, Banqladeşin xarici işlər nazirinin eyni zamanda BMT Baş Assambleyasının Prezidenti olması ilə əlaqədar əvvəlki görüş məmnunluq hissi ilə xatırlanıb və çoxtərəfli formatlarda birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə həmçinin gələn il ölkəmizin ev sahibliyi ilə baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının Sammiti və həmin tədbir çərçivəsində mövcud əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində qurulan əməkdaşlığın, xüsusilə də Gənclər Təşkilatı və Parlament Şəbəkəsinin fəaliyyətinin əhəmiyyətini diqqətə çatdıraraq, bu cür platformalar vasitəsilə gənclər və parlamentarilər arasındakı əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib.
Sonda tərəfləri maraqlandıran digər regional və beynəlxalq gündəm məsələləri ətrafında da ətraflı fikir mübadiləsi aparılıb.
