16:54

Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu ilə Özbəkistanın müvafiq qurumu arasında memorandum imzalanıb

Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu ilə Özbəkistanın müvafiq qurumu arasında memorandum imzalanıb

Lider.com.az istinadən bildirir ki, Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti Özbəkistanın Buxara şəhərində təşkil olunan “Əmanətlərin sığortalanması sistemlərinin institusional gücləndirilməsi: risklərin qiymətləndirilməsi, bankların öhdəliklərini icra edə bilməməsi hallarında preventiv hazırlıq və ictimai etimadın təmin olunması” adlı beynəlxalq elmi-praktiki konfransda qatılıb.

Özbəkistan Əmanətlərə Zəmanət Agentliyinin təşkilatçılığı baş tutan toplantının konseptual məqsədi əmanətlərin sığortalanması qurumlarının funksional dayanıqlığını yüksəltmək, maliyyə risklərinin təhlili və idarə edilməsi mexanizmlərini optimallaşdırmaq, kompensasiya ödənişlərini operativ şəkildə həyata keçirmək, həmçinin əmanətçilərin hüquq və qanuni maraqlarını qorumaq sahəsində qabaqcıl qlobal standartların tətbiqi imkanlarını araşdırmaqdan ibarət olub.

Azərbaycan qurumunu həmin tədbirdə Fondun icraçı direktorunun müavini Akşın Cahangirov, Hüquq departamentinin direktoru Azər Əmirov və Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva təmsil ediblər.

Konfransın açılışında çıxış edən Akşın Cahangirov ölkəmizdə əmanətlərin sığortalanması mexanizminin formalaşması, normativ bazası və inkişaf dinamikasından danışıb, habelə qanunvericiliklə verilən səlahiyyətlərin icrası, əmanətçilərin hüquqlarının müdafiəsi və institusional fəaliyyətin təkmilləşdirilməsi istiqamətindəki strateji prioritetləri diqqətə çatdırıb.

Görüş çərçivəsində Əmanətlərin Sığortalanması Fondu ilə Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi arasında ikitərəfli tərəfdaşlığa dair memorandum imzalanıb.

Sözügedən sənəd əmanətlərin sığortalanması istiqamətində institusional əlaqələrin inkişafını, məlumat və qabaqcıl təcrübə mübadiləsinin konfidensiallıq şərtləri qorunmaqla genişləndirilməsini, kompensasiya mexanizmlərinin təkmilləşdirilməsini, rəqəmsal maliyyə texnologiyalarının tətbiqini və birgə layihələrin reallaşdırılmasının hüquqi-təşkilati əsaslarını tənzimləyir.

Proqrama uyğun olaraq baş tutan tematik sessiyalarda risk əsaslı sığorta mexanizmlərinin tətbiqi, ehtiyatların maliyyə dayanıqlığı ilə likvidliyinin təmin olunması, investisiya resurslarının idarə edilməsi, ödəniş proseslərinin rəqəmsallaşdırılması, bankların ləğv edilməsi prosedurlarının hüquqi tənzimlənməsi, eləcə də sektordakı risklərin və təhdidlərin vaxtında müəyyən edilərək aradan qaldırılmasına hazırlıq məsələləri müzakirə edilib.

Fondun nümayəndələri gündəliyə əsasən müvafiq sahələr üzrə çıxışlar edərək yerli qanunvericilik mexanizmləri və tənzimləmə təcrübəsi haqqında ətraflı məlumat veriblər.

Aygün Balıyeva çıxışı zamanı risklərin idarə olunması sistemlərinin əməliyyatlara inteqrasiyası, investisiya portfelinin idarə edilməsində maliyyə dayanıqlığı və likvidliyin optimallaşdırılması, eləcə də kompensasiya ödənişlərində rəqəmsal kanallardan istifadə imkanları barədə danışıb.

Azər Əmirovun təqdimatında isə Fondun bankların ləğvedicisi qismində malik olduğu hüquqi status, normativ əsaslar, ləğvetmə icraatı, kreditor tələblərinin müəyyənləşdirilməsi və qanunvericiliklə nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun ödənilmə mexanizmləri izah olunub.

Tədbir müddətində müxtəlif dövlətlərin analoji qurumlarının nümayəndələri mövcud mexanizmlərin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi, risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi, kompensasiya prosedurlarının səmərəliliyi və texnoloji transformasiyanın yaratdığı requlyativ çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Sonda əmanətlərin sığortalanması sahəsində fəaliyyət göstərən təşkilatlar arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, peşəkar bilik mübadiləsinin davam etdirilməsi, birgə təlimlərin təşkili, innovativ texnoloji həllərin tətbiqi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi qərara alınıb.

Əmanətlərin Sığortalanması Fondunun belə beynəlxalq platformalarda təmsil olunması sahə üzrə qabaqcıl təcrübənin milli mühitə inteqrasiyasına, hüquqi və əməliyyat mexanizmlərinin təkmilləşdirilməsinə, həmçinin qurumun beynəlxalq əməkdaşlıq potensialının artmasına mühüm töhfə verir.