
Lider.com.az istinadən bildirir ki, Rusiya Enerji Həftəsi tədbirləri çərçivəsində "3+3" formatına həsr olunmuş dəyirmi masa təşkil edilib və toplantı zamanı Cənubi Qafqaz bölgəsində sülhün, eləcə də təhlükəsizliyin təmin edilməsində enerji əməkdaşlığının rolu nəzərdən keçirilib.
Aksiyada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov çıxış edərək bölgə ölkələrinin təchizatın şaxələndirilməsində, etibarlı enerji daşımalarında və ticarət-iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, mövcud boru kəməri şəbəkələrindən maksimum səviyyədə yararlanmaq Cənubi Qafqaz ölkələri ilə yanaşı, qonşu dövlətlərə də enerji təhlükəsizliyini daha da möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək üçün əlverişli imkanlar yaradır.
E. Nəsirov qeyd edib ki, Rusiya, İran və Azərbaycan zəngin enerji ehtiyatlarına malikdir, Türkiyə isə inkişaf etmiş energetika infrastrukturu və böyük tranzit potensialı ilə seçilir.
O qeyd edib ki, neft və qaz kəmərlərindən tam şəkildə istifadə etmək bu prosesin əsas sütunlarından biridir və bir neçə nəqliyyat marşrutunun mövcudluğu xüsusilə dənizə birbaşa çıxışı olmayan Azərbaycan, Qazaxıstan, həmçinin Türkmənistan kimi enerji istehsalçıları üçün müstəsna əhəmiyyət daşıyır.
SOCAR rəsmisi “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsini müxtəlif dövlətlərin şirkətlərinin maraqlarını birləşdirən uğurlu regional tərəfdaşlıq nümunəsi kimi səciyyələndirərək, bu təşəbbüsun enerji maraqlarının qarşılıqlı bağlılığını əyani şəkildə nümayiş etdirdiyini diqqətə çatdırıb.
E. Nəsirov bildirib ki, Azərbaycanın Gürcüstan və Türkiyə ilə tərəfdaşlığı yalnız enerji təchizatı ilə məhdudlaşmır, çünki SOCAR Türkiyə iqtisadiyyatına, o cümlədən "Petkim" neft-kimya kompleksinə və STAR neft emalı zavoduna əhəmiyyətli investisiyalar yönəldib.
Eyni zamanda, şirkət Gürcüstanda qaz təchizatı və paylanması fəaliyyətindən tutmuş yanacaqdoldurma məntəqələri şəbəkəsinin idarə edilməsinə qədər enerji zəncirinin müxtəlif istiqamətlərində təmsil olunur.
SOCAR-ın vitse-prezidenti İranla həyata keçirilən svop əməkdaşlığından da danışaraq bildirib ki, bu mexanizm vasitəsilə Azərbaycan İran ərazisinə, İran isə öz növbəsində Naxçıvan Muxtar Respublikasına qaz nəqli həyata keçirir.
Sonda E. Nəsirov Cənubi Qafqazda sülh mühitinin gücləndirilməsi baxımından enerji əməkdaşlığının praktiki nəticələrə səbəb olduğunu qeyd edərək, ötən ilin dekabr ayından etibarən Ermənistana ilk dəfə benzin və dizel yanacağı tədarük olunmağa başladığını və bunun regionda sülhə töhfə verən mühüm addım olduğunu vurğulayıb.
