17:37

Şəhid ailələri və müharibə əlillərinin sosial təminatına maliyyə dəstəyi 2029-cu ilin sonunadək davam edəcək

Şəhid ailələri və müharibə əlillərinin sosial təminatına maliyyə dəstəyi 2029-cu ilin sonunadək davam edəcək

Lider.com.az istinadən bildirir ki, şəhid ailələri və müharibə əlillərinin sosial təminatı məqsədilə vəsaitlərin ayrılması müddəti 2029-cu ilə qədər artırılıb.

Sözügedən yenilik dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncamla “Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” sənədə edilən düzəlişdə öz əksini tapıb.

Qəbul olunan sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq tədbirlərin maliyyələşməsini əlavə olaraq 2022–2029-cu illər ərzində yaranan dövlət icbari şəxsi sığorta vəsaitləri vasitəsilə icra edəcək.

Bu vəsaitlər ölkə ərazisinin bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun qorunması uğrunda əlillik qazanmış şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və ya fərdi evlərlə təmin olunmasına, həmçinin əlilliyi olan vətəndaşların reabilitasiya vasitələri və xidmətləri ilə təmin edilməsinə sərf olunacaq.

Qeyd edək ki, əvvəlki qaydalara görə həmin müddət 2026-cı ilədək müəyyən edilmişdi.