
Lider.com.az istinadən bildirir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin iştirakı ilə C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə Maştağa qəsəbəsinin ümumi təhsil müəssisələrinin şagird və valideynləri üçün geniş formatlı toplantı təşkil olunub.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə və sektor müdirləri, Maştağa qəsəbəsi üzrə nümayəndəliyin əməkdaşları, bələdiyyə təmsilçiləri, xidmət rəisləri, məktəb direktorları, din xadimləri və yerli sakinlər qatılıblar.
Açıq fikir mübadiləsi zamanı Sabunçu rayonunun rəhbəri Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilən məktəbli formalarına dair təsvirlərdə 2026-cı il sentyabrın 21-də edilən dəyişiklikləri xatırladıb, şagirdlərin vahid geyim qaydalarına riayət etməsinin və təhsilin dünyəvilik prinsipinə zidd geyim elementlərindən qaçılmasının vacibliyini diqqətə çatdırıb.
Eyni zamanda, Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiqlənmiş müəllimlərin geyiminə dair tələblərin mahiyyəti izah edilib, pedaqoji işçilərin geyimlərinin dünyəvilik prinsipinə uyğun olmasının, onların əmək funksiyalarına maneə yaratmamasının və dərs prosesinin xarakterinə cavab verməsinin əhəmiyyəti vurğulanaraq sakinlərə müvafiq tövsiyələr verilib.
Görüşdə o da qeyd olunub ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığı dünyəvi dövlətdir və Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətlərarası dialoq, eləcə də milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Adil Vəliyev təhsil ocaqlarında intizamın və sosial bərabərliyin qorunması baxımından şagirdlərin məktəb tərəfindən müəyyənləşdirilmiş formaya ciddi şəkildə əməl etmələrinin vacibliyini bir daha qeyd edib.
Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu qəbildən olan maarifləndirici görüşlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.
