16:55

Bakı sakinləri sahibsiz itlərdən şikayətlidirlər

Bakı sakinləri sahibsiz itlərdən şikayətlidirlər

Lider.com.az istinadən bildirir ki, paytaxtın Xətai rayonu, Gəncə prospekti 97 ünvanının sakinlərinin sözlərinə görə, həmin ərazidə sahibsiz heyvanların hücumları səbəbindən yoldan keçərək evlərinə çatmaqda çətinlik çəkirlər.

Vətəndaşlar qeyd ediblər ki, küçə itlərinin yaratdığı təhlükəyə görə hətta azyaşlı övladlarını təkbaşına mağazaya belə buraxmağa qorxurlar.

Yer sakinləri qaldırılan problemlə əlaqədar müvafiq qurumlara müraciətlər ünvanlasalar da, hələlik heç bir müsbət nəticə əldə olunmadığını vurğulayıblar.

Yaranmış vəziyyətlə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb və qurumdan cavab olaraq bildirilib ki, heyvanlardakı aqressivlik bəzi hallarda sakinlərin onlarla sərt rəftarından qaynaqlanır: “Sözügedən məsələ ilə bağlı quruma çoxsaylı şikayətlər daxil olur. Ətraf ərazilərdə yaşayan bəzi sakinlərin sahibsiz heyvanlarla kobud rəftarı itlərdə aqressiv davranışın yaranmasına səbəb olur. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən Sahibsiz Heyvanlara Qayğı Mərkəzi tərəfindən müvafiq tədbirlər görülür”.