
Lider.com.az istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistanın Arkadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüş keçirib.
Oğulcahan Atabayeva qarşılıqlı əməkdaşlıq nəticəsində Azərbaycan və Türkmənistan arasındakı qardaşlıq əlaqələrinin fondlar səviyyəsində də uğurla irəlilədiyini vurğulayıb. O, bir sıra dövlətlərdə nümayiş olunan və növbəti gün açılışı gözlənilən MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət sərgisinin böyük məna daşıdığını diqqətə çatdırıb. Atabayevanın fikrincə, incəsənət müxtəlif xalqları və millətləri birləşdirən ümumi beynəlxalq dildir və bu ekspozisiya təkcə estetik zövq vermir, eyni zamanda ətraf mühitin qorunması problemlərinə diqqət yönəldir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə ölkələrimizi əlaqələndirən ortaq mədəni irsə və ənənələrə xüsusi toxunub. O, hər iki dövlətin qarşılaşdığı ekoloji çağırışlara, xüsusən də Xəzər dənizində suyun səviyyəsinin azalması probleminə toxunaraq, MAMA “Ana təbiət” sərgisinin cəmiyyət diqqətini məhz bu istiqamətə yönəltmək məqsədi güddüyünü bildirib. Leyla Əliyeva hər bir fərdin təbiət qarşısında borclu olduğunu və ortaq evimiz olan planeti qorumağın vacibliyini qeyd edib. O, həmçinin su ehtiyatlarının mühafizəsi məsələlərini diqqətdə saxlayan Heydər Əliyev Fondunun “Bir damcı” layihəsini də xatırladıb.
