03:14

Türkiyədə Azərbaycana qarşı çağırışlar edən şəxslər öz ölkələrində də məsuliyyətə cəlb edilməlidirlər

Türkiyədə Azərbaycana qarşı çağırışlar edən şəxslər öz ölkələrində də məsuliyyətə cəlb edilməlidirlər

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Baş Prokurorluğu ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, eyni zamanda dini radikalizm və ekstremizm hallarına qarşı mübarizə tədbirlərini qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdirir.

Baş prokuror tərəfindən 2026-cı il oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri üzrə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən bir sıra şəxslər - “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunun müəllifi Rıdvan Kaya, “Köklü Değişim” nəşrinin yazarı, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu), “Analiz Merkezi” internet resursunun təsisçisi, proqram müəllifi Fatih Tezcan, hüquqşünas Ahmet Şanlı, araşdırmaçı Fahrettin Taşkaya Saral, sosial şəbəkə istifadəçisi Abdurrahman Tumer, həmçinin moderator və idmançı Alparslan Tanrıkulu cari il sentyabrın 25-dən oktyabrın 18-dək müxtəlif sosial platformalar və internet resursları vasitəsilə Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə və zor tətbiq etməklə dini nifrət salınmasına yönələn çağırışlar ediblər.

Bundan başqa, istintaq materiallarına əsasən, Rıdvan Kaya oktyabrın 3-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binası önündə, həmin şəxs və Zəkəriyyə Cəran isə oktyabrın 13-də ölkəmizin Ankaradakı səfirliyi qarşısında təşkil olunan aksiyalarda hakimiyyətin zorla dəyişdirilməsi istiqamətində çıxışlar səsləndiriblər.

Göstərilən yeddi nəfər oktyabrın 19-da müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar və Binəqədi Rayon Məhkəməsinin qərarları ilə barələrində qiyabi həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa veriliblər.

Daha əvvəl isə Baş Prokurorluq “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçini də oxşar əməllərə görə beynəlxalq axtarışa cəlb etmişdi.

Adıçəkilən şəxslərin töratdikləri əməllər onların vətəndaşı olduqları Türkiyə Respublikasının qanunvericiliyinə əsasən də məsuliyyət yaradır, çünki Türkiyənin Cinayət Məcəlləsi sosial şəbəkələrdə təhqir məzmunlu paylaşımlara və xarici dövlət başçısına qarşı edilən əməllərə görə hüquqi tədbirlər nəzərdə tutur.

Məsələn, TCK-nın 125-ci maddəsində şərəf və ləyaqəti alçaltmağa və ya təhqirə görə azadlıqdan məhrumetmə və ya cərimə cəzaları təsbit olunub, açıq şəkildə törədildikdə isə cəza sərtləşdirilir, həmçinin 340-cı maddəyə əsasən xarici dövlət başçısına qarşı törədilən əməllərə görə təyin edilən cəza artırılır.

Göründüyü kimi, həmin şəxslər töratdikləri əməllərlə Türkiyə qanunlarını da pozublar və bu ölkənin qanunvericiliyində də müvafiq məsuliyyət tədbirləri mövcuddur.

Buna baxmayaraq, Türkiyədə Azərbaycana qarşı qanunsuz çağırışlar edən bu şəxslər barəsində hələ ki heç bir hüquqi addım atılmayıb.

Bu hal Ankaranın hüququn tətbiqində seçici mövqe sərgilədiyini göstərir, halbuki Azərbaycan əleyhinə çağırışlar edən həmin şəxslər ilk növbədə məhz öz ölkələrində məsuliyyətə cəlb olunmalı idilər.