
Lider.com.az istinadən bildirir ki, İtaliya paytaxtı Romada Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi mina müharibəsinin ağır nəticələrini göstərən fotoqrafiya sərgisi təşkil edilib.
Tədbir oktyabrın 17-də Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyinin Avropa qitəsində gerçəkləşdirdiyi “Minasız dünya” adlı beynəlxalq təşəbbüs çərçivəsində baş tutub.
Bu fotoekspozisiyanın əsas amalı diqqəti ölkəmizin üz-üzə qaldığı mina fəlakətinə, mülki vətəndaşlar üçün mövcud olan ölüm təhlükəsinə və bu bəlanın doğurduğu humanitar faciələrə yönəltməkdir.
Tədbir zamanı vurğulanıb ki, hərbi əməliyyatlar başa çatsa da, keçmiş işğal illərində basdırılan partlayıcı qurğular insan həyatı üçün böyük təhdid olaraq qalır və davamlı partlayışlar qurbanların sayını artırmaqla problemin aktuallığını qoruyub saxlayır.
Xatırladaq ki, oxşar sərgi tədbirləri həmin kampaniya çərçivəsində oktyabrın 5-də Cenevrədə (İsveçrə), oktyabrın 7-də Brnoda (Çexiya), oktyabrın 9-da Lyublyanada (Sloveniya), oktyabrın 11-də Sarayevoda (Bosniya və Herseqovina), oktyabrın 13-də Zaqrebdə (Xorvatiya), həmçinin oktyabrın 15-də Salzburqda (Avstriya) tutulub.
Qeyd edək ki, “Gilavar Foto Klubu” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibi seçilib.
Avropa ölkələrində reallaşdırılan silsilə sərgilər məhz həmin qrant layihəsi əsasında təşkil olunur.
