
Lider.com.az istinadən bildirir ki, oktyabrın 18-də Bəhreynin paytaxt şəhəri Manamada baş tutan toplantıda Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurasının xarici siyasət idarələrinin rəhbərləri Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) terror qruplaşması kimi tanınmasının vacibliyini qeyd ediblər.
Birlik təmsilçiləri hərəkata PUA-lar və raketlərin təmin olunmasına gətirib çıxaran istənilən yardımın dərhal dayandırılmasını tələb ediblər.
Toplantının yekununa dair qəbul olunan sənəddə husilərin Səudiyyə Ərəbistanına qarşı davam edən basqıları qəti şəkildə qınanıb, bu cür təcavüzlərin mülki obyektləri, eləcə də hava limanlarını hədəf aldığı, dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələndiyi diqqətə çatdırılıb.
Şuraya daxil olan dövlətlərin Səudiyyə Ərəbistanı ilə tam həmrəyliyi nümayiş etdirilib, eyni zamanda Yəmənin ərazi bütövlüyü, suverenliyi və birliyinə dəstək ifadə edilərək böhranın yalnız siyasi müzakirələr və dialoq vasitəsilə həllinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, Şura sözügedən hücumlara və onların törətdiyi fəsadlara görə birbaşa İranı məsuliyyət daşımaqda ittiham edib.
