
Lider.com.az istinadən bildirir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) iştirakçı ölkələri ortaq məsələləri, eləcə də iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etmək məqsədilə toplaşıblar.
Sözügedən məlumat “Euronews” telekanalının bu mövzuya həsr olunmuş süjetində əksini tapıb.
Yayımlanan materialda qurumun mövqeyinin gücləndirilməsinin və müzakirələrin real addımlarla əvəzlənməsinin vacibliyi xüsusi olaraq qeyd edilib.
Süjetdə bildirilir ki, otuz ildən artıq bir müddətdə AQEM fərqli iqtisadi və siyasi maraqlara malik dövlətlər üçün müzakirə meydançası kimi fəaliyyət göstərir, hazırda isə qurumun 28 üzvü yeni çağırışlar fonunda iqtisadi tərəqqi və təhlükəsizlik istiqamətində əlaqələri dərinləşdirmək imkanlarını nəzərdən keçirir.
Həmçinin qeyd olunub ki, 2024-cü ildə ölkəmizin bu quruma sədrliyi çərçivəsində müzakirələr təşkilati quruluşun möhkəmləndirilməsinə və birgə fəaliyyətin daha tətbiqi istiqamətə yönəldilməsinə xidmət edir.
Bundan əlavə, təhsil, maliyyə və biznes sahələri ilə yanaşı, iqlim dəyişiklikləri, miqrasiya prosesləri və süni intellekt kimi mövzular da müzakirələrin əsas gündəmini təşkil edib.
Materialda o da diqqətə çatdırılıb ki, qurum yeni inkişaf mərhələsinə qədəm qoyarkən əsas hədəf üzv ölkələrin fikir mübadiləsini davamlı və faydalı tərəfdaşlığa çevirmə mexanizmlərini tapmaqdır.
