00:47

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının açılışında iştirak edib

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının açılışında iştirak edib

Lider.com.az istinadən bildirir ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək yeniyetmə oğlanlar arasında təşkil olunan birinci futbol dünya çempionatının və festivalının rəsmi açılış tədbiri baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, eləcə də beynəlxalq qurumun rəhbəri Canni İnfantino mərasimdə iştirak ediblər.

Əvvəlcə ölkə başçısı, birinci xanım və ailə üzvləri FİFA rəhbəri və digər dəvətlilərlə görüş həyata keçiriblər.

Canni İnfantino dövlət başçısına xatirə hədiyyələri təqdim edib.

Tədbirin rəsmi açılışı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.

Daha sonra U-15 dünya çempionatına və festivalına həsr olunmuş xüsusi videoçarx ekranda nümayiş etdirilib.

Tədbirdə çıxış edən Baş nazirin müavini və Təşkilat Komitəsinin sədri Samir Şərifov qonaqları salamlayaraq, Azərbaycanın 189 ölkənin yığmasını bir araya gətirən misilsiz turnirə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

O, bu turnirin təşkilində qurumla tərəfdaşlıq edildiyini vurğulayıb və ölkəyə göstərilən etimada görə minnətdarlığını bildirib.

Samir Şərifov tarixdə ilk dəfə reallaşan bu çempionatın yüksək standartlarla və qısa müddətdə keçirilməsini təmin etdiyi, həmçinin konsepsiyanın həyata keçməsindəki liderliyinə görə Prezident İlham Əliyevə təşəkkürünü ünvanlayıb.

FİFA prezidenti Canni İnfantino çıxışında yarışın qlobal miqyasda insanları birləşdirdiyini qeyd edib, paytaxtımızda üç mindən artıq futbolçu və rəsmi şəxsin qatıldığını vurğulayıb.

O, iştirak edən 189 komanda ilə bərabər, könüllü heyətin də tədbirin uğuruna böyük töhfə verəcəyini bildirib.

Gənc futbolçulara müraciət edən qurum rəhbəri onları oyundan zövq almağa, ədalətli mübarizə aparmağa, rəqiblərinə qarşı hörmətli olmağa və qaydalara tabe olmağa səsləyib.

Canni İnfantino qarşıdakı yeddi gün ərzində dünyanı bir araya gətirdikləri üçün Prezident İlham Əliyevə və təşkilat komitəsinə minnətdarlığını çatdırıb, Azərbaycanla birlikdə unudulmaz tarix yazacaqlarını qeyd edib.

Bundan sonra turnir rəsmən açıq elan olunub.

Daha sonra müxtəlif dövlətləri təmsil edən idmançıların təəssüratlarını əks etdirən növbəti videoçarx izlənilib.

Mərasim rəngbərəng bədii kompozisiyalarla davam edib.

Daha sonra dövlətin başçısı, birinci xanım, ailə üzvləri və beynəlxalq futbol qurumunun rəhbəri Azərbaycan və Timor-Leste yığmalarının qarşılaşmasını tribunalardan izləyiblər.

Gərgin idman mübarizəsi şəraitində keçən matç milli komandamızın 6:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

Oyunun yekununda ölkə rəhbəri, birinci xanım və ailə üzvləri yerli komandanın üzvləri ilə görüşərək onları təbrik ediblər.

Prezident İlham Əliyev futbolçulara müraciət edərək gözəl oyun nümayiş etdirdiklərini, qolların hamısının yüksək peşəkarlıq və dəqiqliklə vurulduğunu bildirib.

Dövlət başçısı ölkəmizdə belə mötəbər yarışın keçirilməsinin tarixi əhəmiyyət daşıdığını, açılış matçındakı inamlı qələbənin əbədi olaraq yaddaşlarda qalacağını vurğulayaraq komandaya yeni zəfərlər arzulayıb.