00:17

Bakı bulvarında Zeytun Festivalı çərçivəsində estrada ulduzları konsert proqramı ilə çıxış ediblər

Bakı bulvarında Zeytun Festivalı çərçivəsində estrada ulduzları konsert proqramı ilə çıxış ediblər

Lider.com.az istinadən bildirir ki, Dənizkənarı Milli Parkda təşkil olunan Zeytun Festivalının növbəti günü də rəngarəng təqdimatlar, bayram əhval-ruhiyyəsi və əyləncəli anlarla yadda qalıb.

Paytaxt bulvarında quraşdırılan xüsusi pavilyonlarda yerli istehsalçılar tərəfindən zeytun və ondan hazırlanan məhsulların zəngin çeşidləri nümayiş etdirilib.

Qonaqların tədbirə göstərdiyi böyük maraq nəzərə alınaraq, səhərdən axşamadək zəngin əyləncə proqramı təqdim olunub, gün boyu səslənən musiqilər və tanınmış incəsənət nümayəndələrinin çıxışları xoş ovqat yaradıb.

Musiqili proqram DJ Kamonun ritmik trekləri ilə start götürüb, ardınca isə sevilən vokalist Rilaya səhnədə şou göstərib və ondan sonra məşhur ifaçı Mərdan Kazımov tamaşaçıların qarşısına çıxıb.

Axşam saatlarında təşkil olunan konsertdə məşhur reper Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva ən tanınmış mahnılarını səsləndiriblər.

Xatırladaq ki, bu festival Dövlət Turizm Agentliyinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi, həmçinin “Absheron Olive Gardens” və “Olivea” brendlərinin sponsorluğu ilə baş tutur.

Layihənin əsas məqsədi ölkəmizin qədim zeytunçuluq irsinin təbliğ olunması, yerli istehsal müəssisələrinin dəstəklənməsi və bu sahədə milli brendlərin tanıdılmasıdır.

Qeyd edək ki, festival ərazisinə giriş, eləcə də bütün əyləncə və konsert tədbirlərinə qatılmaq tamamilə sərbəstdir.

Tədbir oktyabrın 25-də də öz işini davam etdirəcək və həmin gün qonaqlar pavilyonları gəzməklə yanaşı, Xalq artisti Aygün Kazımova, Azad Şabanov, Zamiq Hüseynov, Teymur Süleymanbəyli, həmçinin “Excellent band” və “Wave band” musiqi qruplarının ifalarından zövq ala biləcəklər.