
Lider.com.az istinadən bildirir ki, paytaxtın Nizami rayonundakı Bəkir Çobanzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarının birində yanğın qeydə alınıb və bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri göndərilib.
Yanğınsöndürənlərin vaxtında gördükləri tədbirlər sayəsində, 17 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən mənzildəki alovun ətrafdakı digər evlərə və ümumilikdə binaya keçməsinin qarşısı alınıb və hadisə qısa müddətdə aradan qaldırılıb.
Alovun təsirindən ümumi sahəsi 93 kvadratmetr olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə zərər çəkib.
Görülən təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən mənzilin əsas hissəsi, eləcə də digər qonşu evlər yanğından mühafizə olunub.
Təhlükəsizlik qaydalarına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən bina sakinləri təhlükəsiz əraziyə təxliyə edilib.
