
Lider.com.az istinadən bildirir ki, İran dövlət başçısı Məsud Pezeşkian Pakistan Ordusunun komandanı feldmarşal Asim Münirlə qəbul zamanı Vaşinqtonun Tehran barəsindəki ittihamlarının tamamilə əsassız olduğunu və ölkəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq aparılan müzakirələrdə, eləcə də nüvə təftişlərində öz səmimiyyətini dəfələrlə sübuta yetirdiyini bildirib.
Birləşmiş Ştatların hərbi münaqişələrə meyilli xəttini tənqid edən İran lideri bölgədəki gərginliyin dərinləşməsini və Hörmüz boğazındakı böhranı birbaşa Ağ Evin siyasəti ilə əlaqələndirib.
Prezident bir daha qeyd edib ki, Tehran təmaslara açıqdır, lakin bunun üçün qarşı tərəf ilk növbədə bütün təhdidləri və məhdudiyyətləri ləğv etməlidir.
Yerli əhalinin ABŞ-a qarşı inamsızlığına toxunan dövlət başçısı vurğulayıb ki, Vaşinqtonun əməlləri və hücum hədələri onların sülh və razılaşma barədə səsləndirdikləri bəyanatlarla kəskin ziddiyyət təşkil edir.
Pezeşkian həmçinin ABŞ-ın guya mövcud olan nüvə silahı bəhanəsi ilə İrana qarşı hərbi müdaxilələrə haqq qazandırmağa cəhd göstərdiyini, müharibənin isə heç bir halda Vaşinqtona hədəflərinə çatmaq imkanı verməyəcəyini, əksinə, həm İrana, həm də bütün regiona ağır zərbə vuracağını diqqətə çatdırıb.
Sonda İran Prezidenti ölkəsinin öz mövqeyini başqalarına zorla sırımaq niyyətində olmadığını, lakin heç bir təzyiq qarşısında da geri addım atmayacağını bəyan edib.
