
Lider.com.az istinadən bildirir ki, Almaniya yeraltı qaz anbarlarındakı ehtiyatların ötən illə müqayisədə azalması səbəbindən qarşıdakı qış üçün əlavə mavi yanacaq toplamağa başlayıb.
Tədarük təhlükəsizliyinin qorunması məqsədilə təxminən 245 milyon avro dəyərində müqavilələrin imzalandığı bildirilib.
Qeyd olunub ki, 2027-ci ilin fevral və mart aylarında təchizatın etibarlılığını artırmaq üçün təşkil olunan xüsusi tenderlərə təqribən 107 milyon avro sərf edilib.
Bununla yanaşı, qazpaylayıcı şəbəkədə yarana biləcək ötürmə çətinliklərinin aradan qaldırılması istiqamətindəki illik tenderlərə 137 milyon avro yönəldilib.
Sözügedən sazişlər tələbatın sürətlə arta biləcəyi ehtimalına qarşı sığorta xarakteri daşıyır və əsas məqsəd bazar iştirakçılarını yanacağı anbarlarda daha uzun müddət saxlamağa, həmçinin lazım gəldikdə əlavə həcmlər əldə etməyə həvəsləndirməkdir.
Oktyabrın 21-nə olan rəsmi göstəricilərə görə, Almaniyadakı yeraltı qaz anbarlarının doluluq səviyyəsi cəmi 61,1 faiz təşkil edib, halbuki əvvəlki ilin eyni dövründə bu rəqəm 75,4 faizə bərabər idi.
Yeraltı qaz anbarı operatorlarını birləşdirən INES assosiasiyası bəyan edib ki, qarşıdakı qış şaxtalı keçəcəyi təqdirdə ölkənin ehtiyatları 2027-ci ilin fevralının əvvəlinədək tamamilə tükənə bilər.
Mütəxəssislərin proqnozlarına görə, noyabrın 1-dək anbarların doluluğu maksimum 77 faizə çata bilər və həddindən artıq soyuq hava şəraitində bu həcm bütün istehlakçıların tələbatını qarşılamağa yetməyə bilər.
