04:01

İxrac xərclərinin kompensasiya olunmayacağı fəaliyyətlər və subyektlər bəlli oldu

İxrac xərclərinin kompensasiya olunmayacağı fəaliyyətlər və subyektlər bəlli oldu

Lider.com.az istinadən bildirir ki, Nazirlər Kabineti tərəfindən "İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı" təsdiqlənib.

Həmin qərara əsasən, ölkə xaricinə göndərilən Azərbaycan mənşəli olmayan məhsullar, mənşə sertifikatı təqdim edilməyən yüklər, beynəlxalq tranzit gömrük rejimi ilə respublika ərazisindən keçirilən mallar, habelə yerli rüsumsuz ticarət məntəqələrində və sərhədyanı ticarət çərçivəsində reallaşdırılan satışlar bu dəstəkdən yararlanmır.

Bundan əlavə, ödənişsiz və humanitar məqsədlərlə yola salınan əmtəələr, sərhədi keçdikdən 210 gün sonra müraciət edilən hallar, müvəqqəti ixrac, xaricdə emal, təkrar ixrac, eləcə də Ələt azad iqtisadi zonasına, sərbəst və xüsusi zonalara reallaşdırılan satışlar siyahıya daxil edilib.

Barter sazişləri, sərbəst və xüsusi iqtisadi zonalarda istehsal olunan məhsulların daşınması, gömrük anbarlarından çıxarılan əcnəbi malların ixracı, sonradan tam və ya qismən geri qaytarılan vəsaitlər, həmçinin qanunvericilikdə nəzərdə tutulan müddətdə səlahiyyətli banklara daxil olmayan pullarla bağlı əməliyyatlar da kompensasiya verilməyən istiqamətlər sırasındadır.

Həmçinin 2026-cı il sentyabrın 1-dək ixrac gömrük proseduru tətbiq edilən malların daşınması da bu imkandan kənarda saxlanılıb.

Kompensasiya dəstəyinin aid edilmədiyi fiziki və hüquqi şəxslərin siyahısına isə ləğvetmə prosesində olanlar, müflis elan edilənlər, fəaliyyətini dayandıranlar, vergi və gömrük borcları mövcud olanlar daxildir.

Dövlət qurumları, büdcə təşkilatları, səhmlərinin yarıdan çoxu dövlətə məxsus şirkətlər, vergi və ya qaçaqmalçılıq cinayətlərinə görə ödənilməmiş məhkumluğu qalanlar da bu dəstəyi ala bilməyəcəklər.

Eyni zamanda, hasilatın pay bölgüsü sazişləri üzrə podratçılar, faydalı qazıntı çıxaranlar, riskli vergi ödəyiciləri, gömrük təmsilçiləri, əvvəlki borclarını qaytarmayanlar, sərbəst zonaların rezidentləri və iri sahibkarlıq meyarlarına cavab verən ixracatçılar üçün də bu ödənişlər nəzərdə tutulmur.

Xəbər lenti