00:04

Almaniyadakı müəmmalı aksiya: Azərbaycan rəmzləri arxasında gizlənən xarici maraqlar

Almaniyadakı müəmmalı aksiya: Azərbaycan rəmzləri arxasında gizlənən xarici maraqlar

Lider.com.az istinadən bildirir ki, Almaniyada Müsəlman Birliyi Hərəkatının nümayəndələri tərəfindən təşkil olunan toplantı təşkilatçıların gizli siyasi hədəfləri ətrafında ciddi suallar doğurur.

Tədbir zamanı milli himnimizin səslənməsi və üçrəngli bayrağımızın dalğalandırılması ilə yanaşı, İran bayraqlarının qaldırılması və farsdilli şüar plakatlarından istifadə olunması təşəbbüsün sadəcə dini hüquqların müdafiəsindən uzaq olduğunu göstərən şübhələri daha da artırır.

Aksiya iştirakçıları sırasında Nardaran sakin olan və hərəkatın Avropadakı fəaliyyətində adı tez-tez hallanan Müsəlman Birliyi Hərəkatının üzvü Ələmdar Bünyadov da yer alıb.

Ən diqqətçəkən məqam isə ölkəmizin dövlət simvolları ilə bərabər İran bayraqlarının da nümayiş etdirilməsidir ki, bu da haqlı olaraq sual doğurur: əgər əsas məqsəd soydaşlarımızın hüquqlarını qorumaqdırsa, niyə başqa bir ölkənin siyasi atributları ön plana çəkilir?

Hərçənd ki, təşkilatçılar Azərbaycan himnini ifa etməklə və bayrağımızı qaldırmaqla guya vətənpərvər təsir bağışlamağa çalışırlar, lakin tədbirdə İran rəmzlərindən istifadə olunması bu aksiyanın əsl siyasi mahiyyətini tamamilə başqa müstəvidə nəzərdən keçirməyi tələb edir.

Həmçinin Müsəlman Birliyi Hərəkatı ilə bağlı şəxslərin ölkəmizdə hicab mövzusunu siyasi mübarizə alətinə çevirmək cəhdləri də nəzərdən qaçmır.

Halbuki məktəblərdə vahid geyim formasının tətbiqi heç də vicdan azadlığının məhdudlaşdırılması demək deyil və təhsil ocaqlarında ümumi qaydaların müəyyənləşdirilməsi bilavasitə dövlətin səlahiyyət dairəsinə daxildir.

Məhz bu səbəbdən də dini mövzular bəhanə edilərək xaricdə Azərbaycan dövlətinə qarşı kampaniyaların təşkili, xüsusən də həmin tədbirlərdə İranın siyasi simvollarının sərgilənməsi təsadüfi xarakter daşımır və bu cür fəaliyyətlərin Tehranın regional maraqları ilə üst-üstə düşdüyü açıq-aydın görünür.

Problemin digər narahatedici tərəfi isə Almaniyanın tutduğu mövqedir.

Demokratik ölkə kimi Berlinin dinc toplaşmaq azadlığına şərait yaratması anlaşılandır, lakin bu azadlıq həmin dövlətin ərazisinin potensial xarici təsir şəbəkələrinin meydançasına çevrilməsinə göz yumulması kimi qiymətləndirilməməlidir.

Almaniya hakimiyyəti üçün başlıca sual bu cür aksiyaların kimlər tərəfindən maliyyələşdirilməsi, hansı mərkəzlərlə əlaqələndirilməsi və iştirakçıların hərəkətlərinin xarici siyasi dairələr tərəfindən idarə olunub-olunmamasıdır.

Çünki bu, adi etiraz nümayişi deyil, birbaşa xarici təsir və milli təhlükəsizlik müstəvisinə aid məsələdir.

Azərbaycan himnini səsləndirmək hələ avtomatik olaraq dövlətimizin maraqlarını müdafiə etmək anlamına gəlmir.

İran bayraqlarının müşayiəti ilə gerçəkləşən belə aksiyalar iştirakçıların siyasi sədaqəti barədə çoxsaylı suallar doğurur.

Azərbaycan bayrağından saxta vətənpərvərlik imici yaratmaq məqsədilə istifadə edənlər ilk növbədə kimin maraqlarına xidmət etdiklərini dəqiqləşdirməlidirlər.

Almaniya isə öz növbəsində ölkə daxilindəki mümkün radikal və xarici təsirli şəbəkələrin fəaliyyətini ciddi şəkildə araşdırmalıdır, çünki radikal meyilli qrupların gələcəkdə Almaniyanın özü üçün də ciddi təhlükə yaratmaq ehtimalı olduqca yüksəkdir.