00:34

Volodimir Zelenski ABŞ nümayəndələri ilə Ukraynada sülh perspektivlərini nəzərdən keçirib

Volodimir Zelenski ABŞ nümayəndələri ilə Ukraynada sülh perspektivlərini nəzərdən keçirib

Lider.com.az istinadən bildirir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski ABŞ lideri Donald Trampın təmsilçiləri Stiv Uitkoff və Cared Kuşner ilə görüş keçirib.

Bu barədə məlumatı Ukrayna lideri özünün “Telegram” səhifəsində paylaşıb.

Açıqlamaya əsasən, müzakirələr zamanı Florida ştatında hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə baş tutan toplantının yekunları, eləcək də diplomatik təşəbbüslərin növbəti mərhələləri nəzərdən keçirilib.

Volodimir Zelenski bildirib ki, komandalar arasında əlaqələr demək olar ki, fasiləsiz davam edir və onlar diplomatik müstəvidə qarşıdakı addımları hazırlayırlar.

Onun sözlərinə görə, tərəfdaşlar Rusiyanın dayanmayan hücumları və ölkənin hava hücumundan müdafiə sistemlərinin real vəziyyəti barədə hər zaman məlumatlandırılırlar.

Ukrayna Prezidenti əmin edib ki, nizamlanma prosesinin uğurlu olması böyük ölçüdə Birləşmiş Ştatların mövqeyindən asılıdır.

O, Kiyevin real nəticələrə nail olmaq öhdəliyi çərçivəsində açıq və konstruktiv tərəfdaşlığı davam etdirməyə tam hazır olduğunu vurğulayıb.

“Sülh yalnız güc və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq sayəsində əldə olunur”, – deyə Ukrayna rəhbəri əlavə edib.

O, həmçinin qeyd edib ki, ölkəsi ABŞ-ın mövqeyinin qətiyyətli olması və münaqişənin yekunlaşmasına dəstək göstərməsi üçün tələb olunan bütün tədbirləri həyata keçirir.